MEK-də 28 May - Müstəqillik Günü münasibətilə kitab sərgisi təşkil edilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 28 May - Müstəqillik Günü münasibətilə kitab sərgisi təşkil olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, dövlətçilik ənənələrinin qorunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində xidmətlərini əks etdirən nəşrlər nümayiş olunur. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin qorunması və inkişafına dair materiallar sərgidə yer alıb. Sərgidə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, istiqlal mübarizəsi, diplomatik fəaliyyəti və milli azadlıq ideyalarından bəhs edən kitablar, sənədlər və dövri mətbuat nümunələri təqdim edilir.
Kitablar sırasında “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları”, “Müstəqilliyə gedən yol”, “İstiqlal sevgisi”, “Azərbaycan Cümhuriyyəti tələbələri”, “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”, “Mühacirlərin dönüşü”, “Xalqımızın müstəqil yaşayacağına inanırıq”, “Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər”, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları” və digər nəşrlər yer alır.
Sərgi iki həftə ərzində açıq olacaq.