Meksikanın tanınmış “Anahuac sur” Universitetində Yaxın Şərq, Afrika və Qafqaz həftəsi
Bakı, 18 mart, AZƏRTAC
Meksikanın tanınmış “Anahuac sur” Universitetində Yaxın Şərq, Afrika və Qafqaz həftəsi keçirilib.
“Anahuac sur” universitetinin rektoru Abraham Kardenas çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verib, onun ikitərəfli münasibətlərin dərinləşməsi və region ölkələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı diplomatik missiyamız Azərbaycan barədə təqdimat edib. Təqdimatda Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olması, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu və Avropa təsisatlarına inteqrasiya məsələlərinin daxili və xarici siyasətinin prioritet istiqamətlərini təşkil etməsi əksini tapıb. Həmçinin Ermənistanın-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib.
Bildirilib ki, münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonun işğalı bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub.
Diqqətə çatdırılıb ki, Azərbaycan hazırda iqtisadi baxımdan dinamik inkişaf edən ölkədir. Son bir neçə ildə iqtisadiyyatın həcmi üç dəfə artıb. Tədbir iştirakçıları ölkəmizin enerji siyasəti, habelə bu sektorda həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri haqqında da məlumatlandırılıb. Qeyd olunub ki, bu gün Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır.
Konfransda, həmçinin Meksika-Azərbaycan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat verilib. Həmçinin Meksikaya azərbaycanlı nazirlərin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin həyata keçirildiyindən, eləcə də bu ölkənin senatı və parlament nümayəndə heyətləri tərəfindən Azərbaycana bir sıra mühüm səfərlərin gerçəkləşdiyindən bəhs olunub.
Eyni zamanda, Azərbaycanda mövcud təhsil imkanlarından danışılıb, “ADA” universitetinin akademik imkanları və beynəlxalq əməkdaşlıq təcrübəsi, Yay Enerji Məktəbi, habelə bu universitetin və Dövlət Neft Akademiyasının təqaüd proqramları barədə ətraflı məlumat verilib.
Yaxın Şərq, Afrika və Qafqaz həftəsi çərçivəsində iştirakçı ölkələr tərəfindən stendlər qurulub. Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları kulinariyası barədə müxtəlif çap materialları paylanılıb və video təqdimat olub. Habelə ölkəmiz haqqında rəsm əsərlərindən ibarət kiçik sərgi yer alıb.