MƏKTƏBDƏ “ÇİN-AZƏRBAYCAN DOSTLUĞU” MUZEYİ AÇILMIŞDIR
Məktəbin müəllim və şagirdləri, Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin başçılıq etdiyi Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyəti “Çin dünyanın ən qədim dörd sivilizasiyasından biridir” kompozisiyasından və konsertdən ibarət bədii proqram hazırlamışlar.
Bu məktəblə ÇXR səfirliyi arasında çoxdan əlaqələr var, burada Çin dili sinfi fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində dəfələrlə müxtəlif tədbirlər, konsertlər, ədəbi-bədii proqramlar keçirilmişdir. Şagirdlər bu proqramlarla ÇXR səfirliyində çıxış etmişlər.
Məktəbin dəhlizlərində şagirlərin Çin mövzusunda yaratdıqları işlərin – quramaların, rəsmlərin, bədii tikmələrin nümayiş etdirildiyi stendlər düzülmüşdür. Qonaqları Çin dilində yazılmış şüarlar daha çox sevindirdi.
Uşaqlar qonaqları Çin və Azərbaycan dillərində salamladılar. Sonra konsert oldu. Konsertdə Çin xalq rəqsi, “Hakim” nağılı ifa edildi, xalqlarımızın dostluğuna həsr olunmuş şeirlər səsləndi.
Azərbaycan-Çin Dostluğu Cəmiyyəti idarə heyətinin üzvləri, məktəbin direktoru Bibixanım Ağayeva, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsi üçün aparılan böyük işlərə görə Cəmiyyətə və ÇXR-in Bakıdakı səfirliyinə minnətdarlığını bildirdilər.
ÇXR-in səfiri Çjan Siyun səmimi sözlərə görə təşəkkür edərək dedi ki, Azərbaycan-Çin münasibətlərinin inkişafının yeni mərhələsinin bünövrəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. İndi Bakıda yüzlərlə çinli tələbə təhsil alır, BDU-da Çin dili və ədəbiyyatı şöbəsi açılmışdır, ÇXR səfirliyi nəzdində Çin dili kursları işləyir.
Sonra “Çin-Azərbaycan dostluğu muzeyi” açıldı. Səfir Ç.Siyun məktəbə televizor, kompüterlər, videomaqnitofonlar, habelə Azərbaycanca-Çincə illüstrasiyalı lüğət hədiyyə etdi.