Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibəsinə start verilib
Bakı, 8 iyun, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin tədrisin digər dildə aparıldığı bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələrə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibəsi təxirə salınmış uşaqların valideynlərinə (qanuni nümayəndələrinə) iyun ayının 1-dən etibarən şəxsi kabinetə daxil olub, onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılıb. Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları bu gündən etibarən şəxsi kabinetlərindəki bildirişdə qeyd olunan tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Müsahibələr (ənənəvi (canlı) və ya onlayn) bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə biləcəklər.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.
Ənənəvi (canlı) müsahibə üçün müraciət edən vətəndaşlara isə iyun ayı ərzində qeydiyyatdan keçdikləri mobil nömrəyə müsahibənin təşkil ediləcəyi tarix və yer haqqında bildiriş göndəriləcək, eyni zamanda, bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq.
Xatırladaq ki, BŞTİ koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarından irəli gələn tələblərə uyğun olaraq valideynlərin onlayn müsahibələrə üstünlük verməsini tövsiyə edir.