“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2026-cı ilin ikinci nömrəsi çapdan çıxıb
Bakı, 17 iyul, AZƏRTAC
Bu günlərdə Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının II nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsində məktəbəqədər və ibtidai təhsilin aktual problemlərinə, inklüziv təhsilə, uşaqların sosial-emosional, eyni zamanda mənəvi inkişafına, ailə-məktəb əməkdaşlığına və təlim prosesinin səmərəli təşkilinə həsr olunmuş elmi-metodik məqalələr yer alıb. Məqalələrdə təqdim edilən metodik yanaşmalar, nümunələr, tövsiyələr, aparılan araşdırmalarla əldə edilən elmi nəticələr gənc tədqiqatçılar, təhsil sahəsində çalışan müəllimlər, tərbiyəçi-müəllimlər, metodistlər və pedaqoji fakültələrin tələbələri üçün faydalı mənbə hesab olunur.
Bu nömrədə dərc edilən, Anar Xələfov, Günel Əkbərova və Türkan Mərdanlının həmmüəllif olduğu “Xüsusi şərait yaradılmadan ümumi təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların müəyyənləşdirilməsi: sorğu nəticələrinin təhlili” sərlövhəli məqalə təqdim olunan mövzuya dair aparılan tədqiqatın nəticələrini əhatə edir. Tədqiqatda öyrənmə çətinliklərinin effektiv şəkildə müəyyən edilməsi üçün yeni sorğu aləti və onun tətbiqinə dair xüsusi təlimat hazırlanmışdır.
Jurnalın yeni nömrəsində, həmçinin İlahə Şıxəliyevanın “Natamam ailədə uşaqların tərbiyəsinin pedaqoji aspektləri”, Pərvanə İmanovanın “Böyük məktəbəqədər yaşlı uşaqlarda kommunikativ səriştənin formalaşdırılması yolları” və Ayşən Babayevanın “Məktəbəqədər yaşlı uşaqlarda humanist münasibətlərin formalaşdırılmasında təlim prosesinin imkanlarından istifadə yolları” adlı məqalələri dərc olunub.
Rəqsanə Abdurəhimovanın “Təsviri sənət materiallarının optimal tədrisi əxlaqi-mənəvi dəyərlərin mənimsədilməsinin mühüm vasitəsi kimi” adlı məqaləsində təsviri sənətin şagirdlərin mənəvi tərbiyəsindəki imkanları araşdırılır.
Bu nömrədə Lalə Əbilovanın “Uşaq–valideyn–müəllim əməkdaşlığı: ibtidai siniflərdə tərbiyə problemləri və onların həlli yolları” və Sevil Babayevanın “İbtidai siniflərdə müstəqil işin təşkili zamanı şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması” adlı elmi-metodik məqalələri də oxuculara təqdim olunub.
Bir qayda olaraq, jurnalın əvvəlki nəşrlərində olduğu kimi, bu nömrəsində də yer alan materiallar məktəbəqədər və ibtidai təhsil sahəsində çalışan müəllimlər, tərbiyəçi-müəllimlər, tədqiqatçılar, doktorant və magistrantlar üçün elmi və praktik əhəmiyyət daşıyır. Jurnalın bu nömrəsi da təhsilin ilkin pillələrində müasir pedaqoji yanaşmaların öyrənilməsinə, qabaqcıl təcrübənin yayılmasına və aktual problemlər ətrafında elmi müzakirələrin genişləndirilməsinə xidmət edir.