REGİONLAR
Məktəblilər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya ediblər
İsmayıllı, 15 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olan “Mənim peşəm mənim gələcəyimdir!” adlı layihə çərçivəsində İsmayıllı rayonu Yeniyol kənd tam orta məktəbinin VIII-XI sinif şagirdləri arasından seçilən 30 məktəblinin İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zaur Muradov məktəblilərə müxtəlif sənət növləri və peşələr haqqında ətraflı məlumat verib. Şagirdlər müxtəlif sənət növləri üzrə ilkin nəzəri və praktiki biliklərin aşılanması məqsədi ilə peşə siniflərinə baş çəkiblər. Burada məktəblilər peşə ixtisasları barədə geniş məlumatlandırılıb.
Layihə iştirakçıları İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin dülgər, çilingər, aşpaz və santexnik, mebel quraşdırma, aqronom, dərzi, bərbər, xalçaçılıq, turizm və informatika otaqlarında olub, müxtəlif peşə ixtisaslarının tədrisi prosesini izləyiblər. Ekskursiya zamanı peşə növləri ilə bağlı şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, ekskursiyanı keçirməkdə məqsəd məktəblilərin maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə, şəxsi keyfiyyətlərinə uyğun olaraq müvafiq ixtisas, peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsinə nail olmaqdır.