Məktəblilər uşaq hüquqları barədə maarifləndiriliblər
Bakı, 19 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrindəki məktəblərdə uşaq hüquqlarına həsr olunan tədbirlər davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran rayonu Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində və Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumi təhsil məktəbində şagirdlərlə görüş keçirilib.
Görüşlər zamanı agentliyin fəaliyyət istiqamətlərindən bəhs olunub və 2 ildir ki, icra olunan “Təhsildə sosial iş” xidmətinin məktəblərdə risk qruplarının aşkarlanması və şagirdlərə psixososial dəstəyin göstərilməsi baxımından əhəmiyyətli rola malik olduğu vurğulanıb.
Eyni zamanda, uşaq hüquqları və uşaqların təhlükəsizliyinin təminatı mövzularına dair təqdimatlar edilib, müvafiq mövzuya həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirlərdə şagirdlər, müəllimlər və məktəb psixoloqları iştirak ediblər.
İnteraktiv keçirilən görüşlərdə uşaqlarla müzakirələr aparılıb və onların sualları cavablandırılıb.