Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər barəsində məlumat verilib
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti görüşlər paytaxtın Nəsimi rayonundakı 1 saylı tam orta məktəb, Ağcabədi şəhərindəki C.İbrahimov adına 2 nömrəli tam orta məktəb, Quba rayonundakı 4 nömrəli orta məktəb, Qusar rayonundakı E.Güləliyev adına 2 nömrəli orta məktəb və Göygöl rayonundakı Üçtəpə kənd tam orta məktəbinin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları”, “Qida etiketləri” mövzusunda videoçarxlar təqdim edilib.
Daha sonra agentliyin mütəxəssisləri tərəfindən məktəblilərə məktəbli çantasının hazırlanması qaydaları, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, balanslaşdırılmış qidalanma, enerji içkilərinin insan orqanizminə zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında “Qida işıqforu” intellektual oyunu keçirilib.
Məktəblilər, həmçinin AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi haqqında məlumatlandırılıb və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.