Məktəblilərin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) dəstəyi ilə paytaxtın bir neçə orta məktəbinin şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ekskursiyanın məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, həmçinin onların dünyagörüşünün genişləndirilməsi, xalqımızın qədim tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsinin yüksəldilməsi, muzey ekspozisiyaları və sərgiləri ilə tanışlıq olub.
Təcrübəli bələdçilər məktəbliləri muzeyin ekspozisiyası, burada nümayiş etdirilən Azərbaycanın keçmişini özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar və eksponatlarla tanış ediblər, onların suallarını cavablandırıblar.
Məktəblilərə, həmçinin Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr edilən ekspozisiyadakı sənədlər, Vətən uğrunda şəhid olan soydaşlarımızın şəxsi əşyaları və müxtəlif hərbi atributlar nümayiş etdirilib.
Ekskursiya çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının məktəblilərlə birgə müzakirəsi keçirilib.
Bu kimi tədbirlərin digər məktəblərlə də keçirilməsi nəzərdə tutulub.