İQTİSADİYYAT
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Startap üçün yeni imkanlar” mövzusunda vebinar keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin və startapların iştirakı ilə təşkil olunmuş onlayn tədbirdə agentliyin idarə heyəti sədrinin müşaviri Zaur Qardaşov, qurumun əməkdaşı Hümbət Abdullayev, "Innoland" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov startaplar üçün mövcud dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılması, onun üstünlükləri, şəhadətnamə üçün müraciət qaydası və lazım olan sənədlər barədə məlumat verib.
Qeyd olunub ki, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən müraciətlərin qəbulu davam edir. “Startap” şəhadətnaməsini almaq istəyən KOB subyektləri agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Tədbir çərçivəsində, həmçinin “Startap”lar "Innoland" İnkubasiya və Akselerasiya Mərkəzi və KOBİA tərəfindən təqdim edilən digər dəstək mexanizmləri, o cümlədən bu yaxınlarda nəticələri elan edilmiş ilk təhsil, elm, tədqiqat və dəstək layihələri müsabiqəsində iştirak və növbəti müsabiqəyə dair məlumatlandırılıb.
Tədbir çərçivəsində KOB subyektlərini və startapları maraqlandıran suallar da cavablandırılıb.