Memarlıq və İnşaat Universitetində buraxılış işlərinin müdafiəsinə hazırlıq gedir
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn dərslər artıq yekunlaşıb, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İyunun 4-dən etibarən universitetin buraxılış kursunda təhsil alan məzun tələbələrin alt dərs və təkrar imtahanları başlayıb. Proses iyunun 14-dək davam edəcək.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, eyni zamanda, fakültələrdə 4-cü kurs tələbələrinin buraxılış işlərinin müdafiəsinə hazırlıq gedir. İyunun 10-12-dək buraxılış işlərini müvafiq kafedralara təhvil verən sonuncu kurs tələbələri iyunun 16-dan buraxılış işlərinin müdafiəsinə başlayacaqlar. Proses iyulun 4-nə qədər davam edəcək.
Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova bildirib ki, müdafiə günləri qruplar üçün təyin edilmiş qrafik üzrə yerinə yetiriləcək. IV kursda təhsil alan 203 tələbədən 155-i buraxılış işinin müdafiəsinə buraxılacaq. Ötən semestrlərdən kəsiri olan 35 tələbənin isə kəsirini ödədikdən sonra müdafiəyə qatılmaq şansı var. Müdafiəyə buraxılan tələbələrdən 122-si memarlıq, 68 nəfəri isə dizayn ixtisasında təhsil alıb.
Qeyd edək ki, buraxılış işlərinin müdafiəsi onlayn rejimdə “ZOOM” proqramı vasitəsilə keçiriləcək. Eyni zamanda, müdafiədə məzun tələbələrə müəyyən güzəştlər nəzərdə tutulub. AzMİU-nun Elmi şurasının qərarına görə, buraxılış işlərinin tərkibi və izahat yazısı 30 faizə qədər azaldılıb.