CƏMİYYƏT
Mərakeşin aparıcı KİV nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məlumatlandırılıblar
![](/files/galleryphoto/2024/1/1200x630/17061369951820644997_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061369952107242580_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061369955095457925_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061369952998464927_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061369951867953536_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi tərəfindən bu ölkənin aparıcı media qurumlarının təmsilçiləri ilə görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Mərakeşdə fransız dilində yayımlanan və geniş oxucu kütləsinə malik “Le Matin”, “L’Opinion”, “Al Bayane”, “La Vie eco”, “TelQuel”, “Le Desk” kimi media qurumlarının, eləcə də Mərakeşin rəsmi dövlət informasiya agentliyi olan “Maghreb Arab Presse”in rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Ölkəmizin Mərakeş Krallığındakı səfiri Nazim Səmədov media təmsilçilərinə fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq prosesinə dair ətraflı məlumat verib. Səfir bu seçkilərin tarixi əhəmiyyət kəsb etdiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində təşkil ediləcəyini xüsusi vurğulayıb. Görüş iştirakçılarına Azərbaycanın müstəqillik tarixi, daxili və xarici siyasəti, bölgədə cari vəziyyət, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra sülh prosesi və bu ərazilərdə aparılan işlər, habelə Azərbaycan-Mərakeş münasibətlərinin hazırkı durumu və perspektivlərinə dair məlumat verilib. Mərakeş ictimaiyyətində Azərbaycanla bağlı məlumatlılıq səviyyəsinin artırılması, bölgədə baş verən hadisələrlə bağlı Mərakeş oxucusuna dolğun və obyektiv məlumatların çatdırılması məqsədilə səfirliyin bu ölkənin nüfuzlu media vasitələri ilə əməkdaşlığı genişləndirmək əzmində olduğu bildirilib.
Mərakeş mətbuatının təmsilçiləri ölkəmizi daha yaxından tanımaq marağını nümayiş etdirib, Azərbaycanın tarixi, mədəniyyəti, xarici əlaqələri, siyasi və iqtisadi münasibətləri, bölgədəki geosiyasi reallıqlarla bağlı obyektiv məlumat əldə etmək baxımından bu kimi görüşlərin vacib olduğunu qeyd ediblər. Səfir media nümayəndələrinin qeyd olunan mövzularda ünvanladıqları sualları cavablandırıb.
Görüşdə, həmçinin sözügedən media nümayəndələrinin cari il fevralın əvvəlində ölkəmizə nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb, səfərin proqram layihəsi detallı müzakirə olunub.