Mərkəzi Bank nağdsız ödənişlərin inkişafı ilə bağlı keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
Bakı, 30 mart, AZƏRTAC
Mərkəzi Bank "Azərbaycan Banklar Assosiasiyası" (ABA) ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan edib və qalib bankları mükafatlandırıb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın sədrinin birinci müavini Alim Quliyev ölkədə nağdsız ödənişlərin inkişafının Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən olduğunu və bu istiqamətlərdə "Azərbaycan Banklar Assosiasiyası", aidiyyəti dövlət qurumları, bank sektoru ilə birlikdə davamlı tədbirlərin həyata keçirildiyini, layihələrin reallaşdırıldığını deyib. Bildirib ki, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə də nağdsız ödənişlərin inkişafı əsas prioritet təşkil edib və Mərkəzi Banka rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün təkliflərin hazırlanması, maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması tapşırığı verilib.
Verilmiş tapşırığın icrası məqsədilə Mərkəzi Bank tərəfindən 2017-ci il ərzində beynəlxalq ekspertlərin cəlb edilməsi ilə "Nağdsız Azərbaycan" layihəsi həyata keçirilib və nəticədə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın layihəsi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq edilməsi üçün hökumətə təqdim edilib. Eyni zamanda, Mərkəzi Bank tərəfindən fiziki və hüquqi şəxslər arasında 24/7/365 rejimində həyata keçirilən əməliyyatların anında başa çatmasına imkan verən "Ani ödənişlər sistemi"nin yaradılması layihəsinə başlanılıb.
Mərkəzi Bank rəqəmsal ödənişlərin istifadəsinin artırılması məqsədilə cari ildə ölkə üzrə kütləvi təbliğat və təşviqat kampaniyasının təşkil edilməsini planlaşdırır. Bu istiqamətdə artıq kommunikasiya planı hazırlanıb. Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası, "Azərbaycan Banklar Assosiasiyası" və bank ictimaiyyəti ilə birgə kommunikasiya planını icra edəcək.
Alim Quliyev qeyd edib ki, nağdsız ödənişlərin artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində son 5 il ərzində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 4.8 dəfə, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 4.6 dəfə, elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi isə təxminən 4 dəfə artıb.
Mükafatlandırma tədbirində "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, maliyyə sektorunda nağdsız hesablaşmaların çəkisinin artması bank sistemində əlavə maliyyə resursların yaranmasına şərait yaradır və bankların investisiya potensialını genişləndirir. O, nağdsız ödənişlərin inkişaf etdirilməsi istiqamətində koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayaraq qeyd edib ki, nağdsız hesablaşmalarla bağlı həm bankların, həm də son istifadəçilərin xərclərinin azaldılması bu sahəyə marağı artıracaq. O, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq üçün bankomat şəbəkələrindən qarşılıqlı xidmət haqqının minimallaşdırılması və ya tətbiq edilməməsi şərtilə istifadə imkanlarının yaradılmasını banklara tövsiyə edib.
Tədbirin sonunda 2017-ci ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 5 nominasiya üzrə qalib banklar mükafatlandırılıb.