Mərkəzi Elmi Kitabxananın fondları yeni nəşrlərlə zənginləşir
Bakı, 23 avqust, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondları yeni və dəyərli nəşrlərlə zənginləşməkdə davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, bu günlərdə kitabxanaya tədqiqatçı alimlərin, dissertantların və ümumilikdə bütün oxucuların marağına səbəb olacaq nəşrlər qəbul edilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən hazırlanmış “Bakı limanı” (2021) kitabında Xəzər dənizindən və onun ayrılmaz hissəsi olan Bakı limanının keçmişindən, bu günündən və gələcəyindən bəhs edilir. Limanın beynəlxalq statusunu və Böyük İpək Yolunda önəmli rolunu nəzərə alaraq, bu sahədə yeni tədqiqatların nəticəsi olan həmin kitab beş bölümdən ibarətdir. Burada dəniz limanının qədim, həmçinin orta əsrlərdən müasir dövrədək fəaliyyəti ilə bağlı maraqlı faktlar və məlumatlar öz əksini tapıb. Oxucular kitabda beynəlxalq nəqliyyat dəhlizlərində Bakı limanının rolu və potensialı barədə geniş məlumat ala bilər. Kitabda indiyədək geniş ictimaiyyətə məlum olmayan faktlar və tarixi sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Bakı limanının inkişafında önəmli xidmətləri barədə informasiyalar, unikal fotoşəkillər, illüstrasiya və rəsmlər yer alıb.
AMEA Geologiya və Geofizika İnstitutunun nəşri olan “ANAS Transactions Earth Sciences” (2021) jurnalının ilk nömrəsində akademiya ilə yanaşı, respublikanın digər elmi və elmi-istehsalat müəssisələri tədqiqatçılarının məqalələri yer alıb. Qeyd edək ki, jurnalda geologiya, geofizika, coğrafiya, həmçinin neft və qaz yataqlarının işlənilməsi sahəsində orijinal nəzəri və eksperimental tədqiqatların nəticələrini əks etdirən məqalələr dərc edilir.
“Yer və insan” elmi-nəzəri jurnalında (2021) Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti, zəngin yeraltı faydalı qazıntıları və ümumilikdə Azərbaycan ərazisinin geoloji mühiti barədə dəyərli məqalələr, araşdırmalar öz əksini tapıb.
Kitabxanaya daxil olan digər nəşr “Azərbaycan neft təsərrüfatı” (2021) jurnalıdır. Jurnal nəinki Bakıda, dünyada neft sənayesinin nailiyyətləri və problemlərinin hərtərəfli işıqlandırılmasında əvəzsiz rol oynayır. Jurnalda geologiya və geofizika, quyuların qazılması, neft-mədən avadanlığı, neft emalı və neft kimyası, iqtisadiyyat, idarəetmə və hüquq, ekologiya və sənaye təhlükəsizliyinə dair maraq doğuracaq elmi məqalələr yer alıb.