Mərkəzi İncəsənət məktəbində onlayn mini-müsabiqə başa çatıb
Bakı, 13 aprel, AZƏRTAC
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano şöbəsi şagirdləri arasında “Ən yaxşı etüd ifası” nominasiyasında keçirilən onlayn mini-müsabiqə bu gün qaliblərin elan edilməsilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Əməkdar artist Əziz Qarayusifli məktəbin “Facebook” səhifəsində iştirakçılara belə ağır durumda, tədrislə onlayn məşğul olmağın çətinliyinə baxmayaraq bu təşəbbüsə həvəslə qoşulduqları üçün təşəkkür müraciəti ünvanlayıb.
Nəticələrə görə, şagirdlərin ifası Əziz Qarayusiflinin sədrliyi ilə şöbə müdiri Mənsurə Quliyeva, aparıcı müəllimlər Fəridə Sultanova, Cəmilə Mustafanın daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqədə 3 yaş qrupunda 40 pianoçu iştirak edib. 10 ballıq qiymətləndirmə sistemi ilə aparılan müsabiqədə hər yaş qrupunda ən yüksək bal toplayan şagirdlər I dərəcəli diplom və laureat adına layiq görülərək mükafat ilə təltif ediliblər. Pul mükafatı qalibin telefon nömrəsinə köçürüləcək . II və III dərəcəli diplom qazananlar isə laureat adına layiq görülüblər.
Vəziyyəti nəzərə alaraq münsiflər heyəti bütün iştirakçıları “Karantin qəhrəmanlığı” xatirə diplomları ilə təltif etmək qərarını verib.
Mərkəzi İncəsənət məktəbində orkestr alətləri şagirdlərinin onlayn mini-müsabiqəsinin keçirilməsi də gözlənilir.