MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SƏFİRLƏRLƏ GÖRÜŞ
Görüş üçün təşəkkür edən diplomatlar qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparmaq niyyətində olduqlarını bildirmişlər. Səfir Rino Harniş MSK-nın peşəkarlığının artdığını xüsusi vurğulamış və bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Komissiyanın gördüyü işlərlə maraqlanmışdır.
M.Pənahov aşağı seçki komissiyalarında seçici siyhılarının dəqiqləşdirilməsi prosesi, seçki sənədlərinin qəbulu, bələdiyyə üzvlüyünə namizədlərin təsdiqi və qeydə alınması, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimat, izah və qaydalar, təsdiqlədiyi sənəd nümunələri və s. barədə ətraflı məlumat vermişdir. O, namizədlərin qeydiyyatı ilə bağlı indiyə qədər MSK-ya şikayət ərizəsinin daxil olmadığını vurğulamış, yalnız şifahi şəkildə bəzi narazılıqların bildirildiyini və bunlara operativ reaksiya verildiyini, problemlərin dərhal həll edildiyini demişdir.
Qonaqlar bələdiyyə seçkilərini diqqətdə saxladıqlarını və bu məsələdə əvvəllər olduğu kimi, yenə Azərbaycana kömək etməyə hazır olduqlarını bildirmişlər.
M.Pənahov köməyə görə təşəkkür etmiş, istər beynəlxalq qurumlar, istərsə də xarici dövlətlərin ölkəlmizdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıqdan məmnunluğunu söyləmişdir. Komissiyanın sədri bəzi beynəlxalq qurumların ölkəmiz haqqında hesabatlar hazırlayarkən yanlışlıqlara yol verdiklərini də xatırlatmışdır. Bildirmişdir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair 1358 nömrəli qətnaməsində respublikamızla bağlı həqiqəti əks etdirən məqamların yer alması təqdir olunmalıdır. Lakin təəssüf ki, həmin sənəddə yanlış mülahizələr də yer almışdır. 2003-cü il 15 oktyabr prezident seçkiləri zamanı seçki prosesində şəffaflığın tam təmin olunmaması barədə mülahizə ilə əlaqədar bildirməliyik ki, ATƏT-in müşahidə missiyasının ilkin hesabatında prezident seçkilərində şəffaflığın misilsiz səviyyədə təmin olunduğu göstərilirdi. O zaman seçkilərin gedişini 1000-dən çox xarici, 40 mindən artıq yerli müşahidəçi izləyirdi. AŞPA-nın qətnaməsində prezident seçkilərinin nəticələrinin guya dərc olunmadığı bildirilir. Halbuki, səsvermənin ilkin nəticələri elə seçki günü axşam MSK-nın İnternet saytında yerləşdirilmişdi. Seçki məntəqələri üzrə səsvermənin nəticələri isə nəinki Seçki Məcəlləsinin tələbinə uyğun olaraq 6 ay müddətində, hətta 2 ay tez, yəni fevral ayının sonunda Mərkəzi Seçki Komissiyasının rəsmi nəşri olan “Xəbərlər” jurnalında dərc olunmuşdur. Jurnalın həmin nömrəsi Komissiya üzvlərinə təqdim edilmiş, bəzi siyasi partiyalara da çatdırılmışdır.
Komissiyanın sədri diplomatlarla belə görüşlərin mütəmadi xarakter daşımasını arzulayaraq xahiş etmişdir ki, onlar təmsil etdikləri səfirliklərin nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının iclaslarında iştirakını təmin etsinlər. Bu, onların MSK-nın fəaliyyəti haqqında dürüst informasiya almalarına kömək etmiş olar.