Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq
Laçın, 26 avqust, AZƏRTAC
Laçın Şəhəri Günü çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə Beynəlxalq Film Festivalının keçirilməsi əlamətdar hadisədir. Bu festival Laçının beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Avropa və Asiyanın müxtəlif ölkələrindən nümayəndələrin festivala qatılmaları tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O qeyd edib ki, Laçın Şəhəri Günü işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri kontekstində xüsusi əhəmiyyət daşıyır. “Biz Laçını yenidən qurur, burada müasir şəhər mühiti yaradırıq. Qurulan və inkişaf etdirilən bu torpaqlarda belə mədəniyyət və bayram tədbirlərinin keçirilməsi böyük qürur hissi doğurur”,- deyə xüsusi nümayəndə əlavə edib.
Əsas məqsədlər barədə məlumat verən M.Məmmədov deyib: “Festivalın ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq. Gələcəkdə bu istiqamətdə beynəlxalq əlaqələrimizi genişləndirərək yeni istedadların, yeni yaradıcılıq işlərinin və filmlərin meydana çıxmasına şərait yaratmaq istəyirik. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri də bu istiqamətdə yeni kino sənayesinin formalaşdırılmasıdır”.
Müxbir - Fidan Əlizadə