“Mətnin aktual problemləri” monoqrafiyası çapdan çıxıb

Bakı, 12 fevral, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımovun “Mətnin aktual problemləri” (Azərbaycan dilinin yeni sintaksisi) monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada sintaksisin aktual problemləri ilə bağlı 15 bölmə öz əksini tapıb. Kitabda mətnin aktual problemləri dilimizin müasir dönəmini əks etdirən dil hadisələri əsasında öyrənilir.
Monoqrafiyada təqdim edilən mövzuların tematik müxtəlifliyi isə alimin ardıcıl tədqiqatlarının nəticəsi olan elmi mülahizələrlə maraqlıdır. Müəllif “Nitq sintaksisi”, “Sintaksis hadisələr”, “İnternet sintaksisi. Sosial şəbəkə mətnləri”, “Söyləm mətn vahidi kimi”, “Ümumtəhsil məktəblərində mətn üzərində işin təşkili”, “Müasir türk dillərinin yeni sintaksisi. Sintaksisdə aktiv proseslər” mövzularını tədqiqata cəlb edib.
Nəşrdə Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və digər məsələlər xüsusi qeyd olunur.
Professor İsmayıl Kazımovun yazılarının qarşısında hər zaman “yeni” sözünü işlətmək olur. Alim çağdaş dil proseslərini o qədər aktiv şəkildə izləyir və yazılarında adekvat münasibət bildirir ki, onun dediyi söz hər zaman öz yeniliyini qoruyub saxlayır.
Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş kitabın elmi redaktoru və ön sözün müəllifi elmi müəssisənin direktoru professor Nadir Məmmədli, rəyçilər dosentlər Təranə Şükürlü, Elnarə Əliyeva və Təhminə İsmayılovadır.