METROPOLİTEN İŞÇİLƏRİ BUNDAN SONRA DA GÖSTƏRİLƏN ETİMADI DOĞRULDACAQLARINA SÖZ VERMİŞLƏR
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül-çiçək düzülmüşdür.
Şəhidlər xiyabanını ziyarət edən metro işçiləri, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Sonra mərasim keçirilmişdir. Mərasimi giriş sözü ilə açan Bakı Metropoliteninin rəisi Tağı Əhmədov kollektivi bayram münasibətilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, ölkəmizin bütün yerlərindən, nazirliklərdən, dövlət komitələrindən, müəssisə və təşkilatlardan, habelə sıravi vətəndaşlardan Bakı Metropoliteni kollektivinin ünvanına çoxlu təbriklər gəlməkdədir.
Xalqımızın xilaskar oğlu Heydər Əliyevin Bakı Metropoliteninə daim diqqət və qayğı göstərdiyini diqqətə çatdıran T.Əhmədov, iftixarla dedi ki, bu doğma münasibət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Metropolitenin kollektivi Azərbaycan Prezidentinin 2006-cı il 29 oktyabr tarixli Sərəncamına uyğun olaraq, bundan sonra peşə bayramlarını rəsmi şəkildə qeyd edəcəkdir. Kollektiv göstərilən etimadı doğrultmaq - sərnişinləri vaxtında və təhlükəsiz daşımaq üçün mövcud imkanlardan səmərəli istifadə edəcəkdir.
Görülən işlərdən və perspektiv vəzifələrdən danışan metropoliten rəisi əminliklə dedi ki, yeni stansiyaların tikintiisi sürətlə davam etdiriləcək, təsərrüfatlarda texnika və avadanlıq yeniləşdiriləcək, işçilərin maddi rifahının yaxşılaşdırılması istiqamətində daha ciddi addımlar atılacaqdır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı qeyd olunan məsələlərin reallaşması üçün ciddi zəmin yaratmışdır.
Çıxış edən digər natiqlər göstərilən diqqət və qayğıya görə kollektiv adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirərək əminliklə dedilər ki, bundan sonra da dövlətimizin başçısının siyasətini dəstəkləyəcəklər. Qeyd olundu ki, ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun alternativi yoxdur.
Sonda bir qrup işçiyə “Fəxri dəmiryolçu” və “Metro veteranı” döş nişanları təqdim edildi. Məlumat verildi ki, kolektivdə daha çox iş stajı olan 441 nəfərə müxtəlif məbləğlərdə pul mükafatı ayrılmışdır.