Metropoliten işçiləri peşə bayramlarını qeyd etmişlər
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Bakı metrosunun fəaliyyətə başlamasının 46 illiyi və metropoliten işçilərinin peşə bayramı qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Metropolitenin Rabitə evində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Metronun keçdiyi inkişaf yolu və fəaliyyəti barədə məruzə ilə çıxış edən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir ki, Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
T.Əhmədov məlumat vermişdir ki, dövlətimizin başçısının “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanan “Bakı Metropoliteni xətlərinin Konseptual İnkişaf Sxemi” və Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı uğurla icra olunur. Metropolitenin qarşıdakı 20 il üçün inkişaf planına uyğun olaraq yeraltı xətlərin uzunluğunun 119 kilometrə, stansiyaların sayının isə 73-ə çatdırılması nəzərdə tutulur.
Bakı Metropoliteninin rəisi qeyd etmişdir ki, dövlətin diqqət və qayğısı sayəsində metropolitenin yeni stansiyalarının inşası uğurla davam etdirilir. Gələn il “Bənövşəyi” xəttin iki stansiyasının - “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının tikintisinin yekunlaşdırılması və istismara verilməsi nəzərdə tutulmuşdur. Sonrakı iki ildə isə daha 3 stansiya istifadəyə veriləcəkdir. Dövlət Proqramının icra olunduğu dövrdə “Elmlər Akademiyası” stansiyasının ikinci giriş-çıxışının da tamamlanması nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, Dövlət Proqramında tikinti ilə yanaşı, mövcud metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, stansiyalarda yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər də xüsusi yer tutur. Yaxın beş ildə daha iki elektrik deposunun inşası planlaşdırılır.
Sonda bir qrup metro işçisinə metropolitenin əmək veteranına döş nişanı təqdim olunmuşdur.