“Milan” klubu türkiyəli legioner Hakan Çalhanoğlunun dublu sayəsində İtaliya kubokunun yarımfinalına yüksəlib
Bakı, 29 yanvar, AZƏRTAC
Futbol üzrə İtaliya kuboku uğrunda turnirin dörddəbir final mərhələsinin birinci oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunda “Milan” və “Torino” komandaları üzə-üzə gəliblər. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun yekununda qalib gələn (4:2) “Milan” yarımfinala vəsiqəni yəmin edib.
Matçın 12-ci dəqiqəsində “Milan”ın heyətində Cakomo Bonaventura hesabı açıb. Lakin “Torino” braziliyalı müdafiəçi Qleyson Bremerin 34-cü və 71-ci dəqiqədə vurduğu qollarla hesabda irəli çıxıb. Matçın taleyini “Milan”ın 82-ci dəqiqədə meydana daxil olan türkiyəli legioneri Hakan Çalhanoğlu həll edib. Futbolçu 90+1-ci dəqiqədə hesaba tarazlıq gətirib.
Bundan sonra qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki hissə oynanılıb. Görüşün 106-cı dəqiqəsində daha bir qol vuran H.Çalhanoğlu komandasını hesabda irəli çıxarıb. Onun komanda yoldaşı, isveçli Zlatan İbrahimoviç isə 108-ci dəqiqədə oyunda son nöqtəni qoyub.
Beləliklə, H.Çalhanoğlunun dublu sayəsində 4:2 hesabı ilə qalib gələn “Milan” adını yarımfinala yazdırıb. Yarımfinalda “Milan”ın rəqibi “Roma”nı 3:1 hesabı ilə məğlub edən “Yuventus” klubu olacaq.
Dörddəbir final mərhələsinin bu gün oynanılacaq sonuncu görüşündə “İnter” və “Fiorentina” komandaları qarşılaşacaqlar. Qalib komanda finala vəsiqə uğrunda “Napoli” ilə üz-üzə gələcək. “Napoli” dörddəbir final mərhələsinin birinci oyununda “Latsio”nu minimal hesabla məğlubiyyətə uğradıb.
Futbol üzrə İtaliya kuboku turnirinin yarımfinal görüşləri fevralın 12-də, cavab matçları martın 4-də oynanılacaq. Final oyunu isə mayın 13-də təşkil olunacaq.
İtaliya kubokunun sonuncu qalibi finalda “Atalanta”nı 2:0 hesabı ilə məğlub edən “Latsio” komandası olub.