DÜNYA
MİLANDA BAŞ VERMİŞ HADİSƏNIN FACİƏLİ TƏSADÜF OLDUĞU EHTİMAL EDİLİR
İtaliyanın daxili işlər naziri Klaudio Skayola bildirmişdir ki, aprelin 18-də Milanda baş vermiş hadisə - birmühərrikli yüngül təyyarənin göydələnə dəyməsi ehtimal ki, faciəli təsadüfdür. O demişdir:”Gördüklərimiz terrorçuların ötən il sentyabrın 11-də Nyu-Yorkda qoşa göydələnlərə hücumunu xatırladır. Bu, bizdə ən məşum xatirələr oyadır. Ancaq bu dəfə söhbət bədbəxt hadisədən gedir.”
Milanın prokuroru Ceraldo D”Ambrozionun dediyinə görə, terror aktı fərziyyəsinin lehinə heç bir dəlil yoxdur. Mən orada oldum, hər şeyi gördüm və bunu sübut edəcək heç dəlilə rast gəlmədim.
Hadisənin xronikası isə belədir: İsvecrənin Lokarno şəhərindən havaya qalxmış birmühərrikli “Payper” turist təyyarəsi aprelin 18-də yerli vaxtla saat 17:50-də Milanın ən hündür binası olan “Pirelli”yə çırpılmışdır. Binada başlamış yanğını bir neçə saatdan sonra söndürmək mümkün olmuşdur. Xilasedicilər adamları küçəyə çıxarmışlar. Binanın içərisində səkkiz yanğınsöndürmə komandası işləyirdi. Dəqiqləşdirilmiş məlumata görə, üç nəfər həlak olmuş, 60 nəfər yaralanmışdır. Faciə iş vaxtının sonunda deyil, bir saat əvvəl baş versəydi, tələfat daha çox olardı.
Xoşbəxtlikdən, cəmi 20 gün əvvəl binada mülki müdafiə təlimləri keçirilmiş və işçilər binanı, o cümlədən tüstü bürümüş otaqları mütəşəkkil şəkildə tərk etməyi öyrənmişlər. Bundan əlavə, faciənin baş verdiyi vaxt “Pirelli”nin yuxarı mərtəbələrində təmir işləri getdiyi üçün orada adam olmamışdır.
Təyyarəni 68 yaşlı pensiyaçı Luici Cino Fazulo idarə edirmiş. O, qəzadan bir qədər əvvəl fəlakət siqnalı veribmiş. Təyyarənin bir şassisi açılmadığından Fazulo onu əli ilə açmağa çalışmışdır. İtaliya ekspertlərinin fikrincə, bu vaxt pilotun halı pisləşmiş və o, təyyarəni idarə edə bilməmişdir.
İTAR-TASS-ın Parisdəki müxbiri xəbər vermişdir ki, Avropanın fond və əmtəə birjaları Milanda təyyarənin qöydələnə çırpılması xəbərinin doğurduğu çaxnaşmanı çətinliklə aradan qaldırmışlar. Avronun və ABŞ dollarının məzənnəsi düşmüş, qızılın və neftin qiyməti qalxmışdır. Aparıcı sənaye ölkələri hökumətlərinin qiymətli kağızlarına tələbat da artmışdır. Lakin fond birjaları iş gününün sonunadək vəziyyəti nizama sala bilmişlər.