Milli Arxiv İdarəsində seçici fəallığının yüksəldilməsinə həsr olunan müşavirə keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Milli Arxiv İdarəsində 7 fevral - növbədənkənar prezident seçkilərində seçici fəallığının yüksəldilməsinə həsr olunan maarifləndirmə məqsədli müşavirə keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müşavirədə idarənin rəhbərliyi, şöbə müdirləri, respublika dövlət arxivlərinin direktorları və məsul şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən aparılan təşkilati işlər barədə məlumat verib. Qeyd edilib ki, 7 namizədin iştirak edəcəyi seçki prosesini izləmək üçün 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. O, seçkiyə beynəlxalq təşkilatların və xarici ölkələrin marağının böyük olduğunu deyib.
“Sözügedən seçkiləri izləyəcək müşahidəçilər 49 beynəlxalq təşkilatı və 70 ölkəni təmsil edir. Növbədənkənar prezident seçkisini izləyəcək Qeyri-Hökumət Təşkilatlarının (QHT) sayı rekord həddə çatıb. 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə müşahidəçi QHT-in sayı təxminən 4 dəfə artıb. Belə ki, hazırkı prezident seçkilərinin birbaşa izlənilməsinə qatılan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 QHT-ni əhatə edir. Qanunvericiliklə nəzərdə tutulmuş bütün proseslər - dairə, məntəqə seçki komissiyaları formalaşdırılıb, şəffaflığın təmin edilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə müşahidə kameraları qurulub, seçki bülletenləri müşahidəçilərin iştirakı ilə çap olunub. Bununla yanaşı, namizədlərin fəal təşviqat aparması üçün bərabər imkanlar yaradılıb, onların seçicilərlə görüşləri üçün pulsuz efir vaxtı, həmçinin yerlərdə müvafiq şərait təmin edilib”, - deyə Ə.Rəsulov diqqətə çatdırıb.
Əsgər Rəsulov suveren ölkəmizin bütün ərazilərində keçiriləcək ilk seçkidə Milli Arxiv İdarəsi əməkdaşlarının, idarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında çalışan arxivçilərin fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.