MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ İLƏ TANIŞLIQ KÜVEYTLİ QONAQLARDA XOŞ TƏƏSSÜRAT DOĞURMUŞDUR
AZƏRTAC xəbər verir ki, Küveyt Dövləti Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır.
Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalar qonaqların xüsusi marağına səbəb olmuşdur.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirmişdir ki, 130-dan çox işçisi olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.
300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.
Qonaqlar Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olmuşlar. Buradakı məişət əşyaları və tarixi sənədlər onlarda zəngin təəssürat yaratmışdır.
Küveyt Dövləti Əmiri Aparatının rəhbəri muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Muzeyin direktoru Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabaha xatirə hədiyyələri təqdim etmişdir.
######
