Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidinə məxsus əşyalar təhvil verilib
Bakı, 5 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Tacəddin Əzizlinin şəxsi əşyaları təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidin şəxsi əşyaları muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədli tərəfindən muzeyə təqdim olunub.
Tacəddin Əzizli 1994-cü il Salyan rayonunda anadan olub. Sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində döyüşlərə qatılıb, Füzuli rayonu Ələsgərli kəndi istiqamətində şücaət göstərib. Oktyabrın 28-də 3 döyüş yoldaşıyla birgə düşmən postuna hücum edərək postu və düşmənin çox sayda canlı qüvvəsini məhv edib, düşmənə məxsus 4 avtomobil və xeyli silah-sursat ələ keçirib. Bundan sonra o, döyüş yolunu Cəbrayıl-Hadrut istiqamətində davam etdirib, Füzulidən Şuşayadək şanlı döyüş yolu keçib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 9-da Şuşada şəhidlik zirvəsinə ucalıb. Qəhrəman və cəsur şəhidimiz ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.