MİLLİ BANK AZƏRBAYCANDA FƏALİYYƏTİ DAYANDIRILMIŞ PUL KÖÇÜRMƏ SİSTEMLƏRİNİN İŞİNİ BƏRPA ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Bank ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədi ilə pul köçürmə sistemlərinin monitorinqini aparmışdır. Müəyyən olunmuşdur ki, Azərbaycanın işğal altında olan ərazilərində “CONTACT”, “WESTERN UNION”, “ZOLOTAYA KORONA-DENEJNİYE PEREVODİ”, “MONEYGRAM”, “MIGOM”, “PRİVAT MONEY”, “LİDER” sistemləri vasitəsilə pul köçürmələri həyata keçirilmişdir.
Həmin sistemlərin rəsmi internet səhifələrində Azərbaycanın əraziləri təhrif olunmuş, bəzi yaşayış məntəqələri isə düzgün adlandırılmamışdı. Bundan əlavə, Milli Bankın lisenziyası olmadan fəaliyyət göstərən qurumlar vasitəsilə işğal altındakı ərazilərdə pul köçürmə əməliyyatlarının həyata keçirilməsi kimi qanunvericilik pozuntusu halları aşkar olunmuşdu. Bütün bunlara qarşı müvafiq tələblər irəli sürülmüş, qanunsuz fəaliyyətin həyata keçirilməsinin dayandırılması tələb edilmiş, həmçinin onların nəzarət orqanlarına xəbərdarlıq olunmuşdu. Nəticədə, pul köçürmə sistemlərinin əksəriyyəti Azərbaycanın ərazisində qanunsuz fəaliyyətini dayandırmış, burada pul köçürmələrini icra edən qurumlar ilə işgüzar münasibətlərə xitam vermiş və belə halların gələcəkdə davam etməyəcəyi barədə öhdəlik götürmüşdür.
“WESTERN UNION” kampaniyasının vitse-prezidenti Conatan Knausun başçılıq etdiyi nümayəndə heyəti Milli Bankda olarkən, həmin faktlar onların nəzərinə çatdırılmış, işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin yolverilməzliyi bildirilmiş və bütövlükdə belə halların aradan qaldırılması birmənalı şəkildə tələb olunmuşdur. “WESTERN UNION” Milli Bankın tələblərini qeyd-şərtsiz qəbul etmiş, işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərən qurumlarla işgüzar münasibətlərə xitam verildiyi bildirilmişdir.
“MONEYGRAM” kampaniyası da ona qarşı irəli sürülmüş tələbləri tam yerinə yetirmiş, Azərbaycanın ərazisində öz fəaliyyətinin qanunvericiliyə və beynəlxalq prinsiplərə uyğun şəkildə həyata keçirilməsi şərtini qəbul etmiş və gələcəkdə belə hallara yol verilməməsi barədə rəsmi öhdəlik götürmüşdür.
Bunları nəzərə alaraq, Milli Bank 2008-ci il avqustun 14-dən ölkə ərazisində fəaliyyət göstərən banklara “WESTERN UNION” və “MONEYGRAM” pul köçürmə sistemləri ilə işgüzar münasibətlərin bərpa edilməsinə icazə vermişdir.