Milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir
Bakı, 10 iyun, AZƏRTAC
Millətin, xalqın formalaşmasında ən vacib amil ortaq tale, ortaq tarix anlayışlarıdır. Müdrik Azərbaycan xalqı tarixin bütün sınaqlarından üzüağ, vahid, bölünməz şəkildə çıxa bilmişdir. Heç bir siyasi, hərbi, dini vasitə tarix boyunca Azərbaycan xalqının bütövlüyünü sarsılda bilməmişdir. Xalqımız bütün maneələrə rəğmən öz milli şüurunu, düşüncə tərzini qoruyub saxlaya bilmiş, güclü millət, xalq kimi formalaşmışdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov söyləyib.
O deyib: “Əlbəttə, bizi birləşdirən bayramlar, zəfərlər, xoş, firavan günlər olduğu kimi, taleyimizə yazılan çətin, ağrılı, qara günlərin də olması bizi bir-birimizə daha da yaxınlaşdırıb, vahid milli şüurun möhkəmlənməsinə xidmət edib. Yaxşı bir el misalı da var, deyərlər ki, can yanmasa, gözdən yaş çıxmaz. Gözümüzdən axan hər damla yaş millət olaraq bizi daha da müdrikləşdirib. Cəmi 102 il əvvəl ermənilər tərəfindən həyata keçirilmiş soyqırımlar, 1990-cı illərin əvvəllərində törədilmiş 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı Azərbaycan xalqının düşmənlərini sevindirsə də, onların arzuları çin olmadı. Azərbaycan xalqı parçalanmadı, əksinə, qaranlıqdan aydınlığa çıxmaq üçün bir ziya tapa bildi. Bu, ulu öndər Heydər Əliyevin “müstəqil Azərbaycan” ideyasıdır. Bu, Heydər Əliyev zəkasının nurudur. Bu yaxınlarda növbəti ildönümünü qeyd edəcəyimiz Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqil şüurunda silinməz izlər qoyub. Azərbaycan xalqı məhv olmaqdan, parçalanmaqdan, qardaş qırğınından Ulu Öndərin sayəsində xilas oldu”.
V.Seyidov qeyd edib ki, bu günlərdə bütün dünya xalqları kimi, Azərbaycan xalqı yeni bir təhlükə ilə qarşı-qarşıya qalıb. Budəfəki təhlükə digərlərindən çox fərqlənir. Dünyada ciddi problemlər yaradan “gözəgörünməz düşmən”ə qarşı dövlətimiz tərəfindən bütün təxirəsalınmaz tədbirlər görülür. Xalq olaraq biz də milli amallar uğrunda birləşməliyik. Unutmamalıyıq ki, sağlamlığımız həmrəyliyimizdədir. Biz vahidləşə, bütövləşə bildikcə millətimizin qarşısında heç bir əngəl qalmayacaqdır.
“Azərbaycanda müstəqilliyin ilk illərində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birliyin, dövlət-vətəndaş həmrəyliyinin, xalq-iqtidar əlaqələrinin nə qədər güclü təməllərə malik olduğu karantin günlərində bir daha nümayiş etdirildi. Hər bir vətəndaş öz hüquqlarını bildiyi kimi, vəzifələrinin də fərqinə vardı, dövlətinin və rəhbərinin ətrafında sıx birləşdi. Karantin müddətində evdə qalan vətəndaşlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və göstərişi ilə bütün sosial xidmətlərlə təmin olundular”, - deyən YAP Suraxanı rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan sosialyönümlü dövlətdir. Ölkəmiz bir çox sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində də böyük uğurlar qazandığını bu ağır günlərdə bir daha nümayiş etdirdi. İşləyən vətəndaşların əməkhaqları ödənilməklə növbədənkənar məzuniyyətə göndərilməsi, 600 min (altı yüz min) işsiz vətəndaşa iki aylıq karantin müddətində 190 manat dəyərində birdəfəlik ödənişlərin verilməsi, sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi, ödənilmiş vergilərin bir qisminin geri qaytarılması postpandemiya dövründə vətəndaşların yenidən öz normal həyatlarına qayıtması üçün dövlətin atdığı mütərəqqi addımlardandır. Bir sözlə, yaşadığımız çətin günlərdə dövlət-vətəndaş həmrəyliyinə ən böyük töhfəni Prezident İlham Əliyev vermiş oldu. Dövlətimizin başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Heç kəs Azərbaycan Prezidentinin apardığı siyasətə kölgə sala, dövlətimizin başçısı ilə xalq arasında daha da möhkəmlənmiş münasibətləri sarsıda bilməz.