MİLLİ DÖVLƏT QURUCULUĞU MƏSƏLƏLƏRİNƏ DAİR QİYMƏTLİ TƏDQİQAT ƏSƏRİ
“Tarixdən və ictimai-tarixi prosesdən yalnız o zaman danışmaq mümkündür ki, iki başlanğıc - bir tərəfdən inkişaf və yeninin yaradılması, digər tərəfdən isə keçmişlə varisliyin qorunub saxlanmasının qarşılıqlı əlaqəsi və çulğaşması olsun... Mövcud ictimai-siyasi reallıqları obyektiv şəkildə əks etdirmək iddiasında olan hər hansı sosial-fəlsəfi, ideya-siyasi konstruksiya və ya dövlət qurumu hər iki başlanğıcı nəzərə almalıdır. Əks halda, o, ya yaşarı deyil, yaxud da onun reallaşdırılması cəhdləri əsas mənəvi, etik, normativ və digər prinsip və dəyərlərin mahiyyətinə təhlükə törədən gözlənilməz nəticələrə səbəb ola bilər. Başqa sözlə desək, cəmiyyətin transformasiyası, siyasi idarəçiliyin üstün cəhətlərinin dəyişməsi Nitsşenin “bütün dəyərlərin yenidən dəyərləndirilməsi” formulu ilə bağlıdır”.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin yenicə çapdan çıxmış “XXI əsrdə milli dövlətçilik” kitabından götürülmüş bu fikirlər müəllifin əsərdəki araşdırmalarının mövzusu və istiqaməti barədə təsəvvür yaradır. Kitab iki fəsil və bir əlavədən, habelə rus dilinə tərcümələrdən ibarət ikinci əlavədən ibarətdir.
Əsərin əvvəllində SSRİ-nin süqutundan sonra Azərbaycanın siyasi məkanının real vəziyyəti, cəmiyyətimizdə baş verən yeni siyasi proseslər, hadisələr təhlil olunur. Son otuz ildə Azərbaycanda gedən modernləşdirmədən bəhs edən müəllif bunun birinci mərhələsində milli dəyərlərin dirçəlişini şərtləndirən və onunla bilavasitə bağlı olan cəhətləri göstərir, bu prosesin gedişini, nəticələrini araşdıraraq ümumiləşdirir. Bildirilir ki, ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə separatçılıq və anarxiyanın baş alıb getməsi nəticəsində dövlətçiliyimiz məhv olmaq təhlükəsi qarşısında idi və əslində, cəmiyyətin modernləşdirilməsi imkanı tamamilə aradan qalxmışdı. Müəllif 1993-cü ilin yayında Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonrakı dövrü dərindən təhlil edərək, məhz həmin mərhələdə ölkə daxilində demokratik dəyişikliklərin başlanması, milli ideologiyamızın başlıca ünsürlərinin formalaşma istiqaməti götürməsi, dövlətçiliyimizin milli identifikasiyasının bu illərdə formalaşması kimi proseslərin baş verdiyini göstərir.
Eyni zamanda, əsərdə son on il ərzində Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi yol, əldə etdiyi nailiyyətlər ümumiləşdirilir, bütün bu uğurlarda milli lider kimi onun rolu əsaslandırılır. Oxucuda belə bir inam və qənaət hasil olur ki, indiki qloballaşma şəraitində dünyanın və yaşadığımız regionun çox problemlərinin həll edilməli olduğu bir vaxtda Heydər Əliyev kimi rəhbərə ehtiyac daha çoxdur.
Bununla yanaşı, hakimiyyətin və dövlət idarəçiliyinin varisliyi məsələsinə də toxunularaq vurğulanır ki, Heydər Əliyev məktəbinin layiqli davamçısı olan İlham Əliyevin simasında bu gün Azərbaycan siyasətçilərinin gənc nəsli formalaşmışdır. Müəllif yazır: “Qərb demokratiyası ölkələrinin təcrübəsi sübut edir ki, dövlətçiliyin yeni demokratiya dövlətləri üçün ən məqbul və səmərəli forması hakimiyyətin və dövlət idarəçiliyinin varisliyindədir. Azərbaycanın tərəqqisini və inkişafını yalnız səmərəli dövlətçilik quruluşunun müasir xəttinə varislik təmin edə bilər”.
Kitabda Azərbaycan müxalifətinin yaranma səbəbləri və köklərinin təhlilinə də geniş yer verilmişdir. Radikal, pozucu müxalifətin qarşıdurmanı getdikcə kəskinləşdirməyə çalışdığı bir vaxtda bu, çox mühümdür. Onu da deyək ki, bu məsələ ilk dəfə olaraq belə dərindən geniş və hərtərəfli təhlil edilir, elmi nəticələr çıxarılır, perspektiv üçün qiymətli fikirlər söylənilir. Bu, ilk növbədə, pozucu müxalifətin strategiya və taktikasının təhlilinə aiddir.
Kitaba ön sözün müəllifi tarix elmləri doktoru Seyfəddin Qəndilov, nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovdur.