ELM VƏ TƏHSİL
MİLLİ ELMLƏR AKADEMİYASINDA GÖRÜŞ
Yanvarın 13-də Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov və Rəyasət heyətinin üzvləri ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun prezidenti Gersen Şerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.
Görüşdən əvvəl qonaqlar ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantı ilə yaradılmış və yenicə fəaliyyətə başlayan Azərbaycan Milli Elm Fondunun ofisi, burada çalışan əməkdaşların iş şəraiti ilə tanış oldular.
Səmimilik şəraitində keçən görüşdə MEA-nın prezidenti Mahmud Kərimov dəvəti qəbul edib respublikamıza səfərə gəldiyinə görə cənab Gersen Şerə təşəkkürünü bildirdi, müstəqil dövlətimizin son illər elmin, təhsilin inkişafı, Milli Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi, habelə Azərbaycan Milli Elm Fondunun işi haqqında qonaqlara məlumat verdi, ölkələrimiz arasında elmi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.
Cənab Gersen Şer rəhbərlik etdiyi Fondun fəaliyyətindən, keçmiş SSRİ-nin süqutundan sonra yaranan dövlətlərlə elmi əlaqələrin yaranması və inkişafından danışdı, Azərbaycanla bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar olduğunu bildirdi.
MEA-nın Rəyasət heyətinin üzvü, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev 1995-ci ildən başlayaraq Azərbaycanda həyata keçirilən torpaq islahatından, aqrar proqramın yerinə yetirilməsi sahəsində görülən işlərdən, bu sahədə son üç ildə beynəlxalq banklarla yaradılan əlaqələrin və əməkdaşlığın səmərəsindən söhbət açdı. Ölkəmizdə taxıl, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurlardan bəhs edən alim beynəlxalq elmi əlaqələrin, o cümlədən ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu ilə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
Azərbaycan Milli Elm Fondu rəyasət heyətinin üzvlərindən, akademiklər Akif Əlizadə, Əhliman Əmiraslanov və başqaları birgə əməkdaşlığın inkişafı ilə bağlı fikir və mülahizələrini söylədilər.