MİLLİ FƏALİYYƏT PLANININ TƏTBİQİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi və təhlili məqsədi ilə Göygöl, Şəmkir və Daşkəsəndə ictimai dinləmələr keçirmişdir.
E.Süleymanova insan hüquqları sahəsində geniş islahatlar aparıldığını bildirmiş, MFP-nin təsdiqindən ötən müddətdə görülən işlərdən, sənədin tətbiqi ilə bağlı keçirilən ictimai dinləmələrdən, seçki qanunvericiliyində olan dəyişikliklərdən danışmışdır.
Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının təmin olunması, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə məlumat vermişlər.
Tədbirdə rayon icra hakimiyyətləri və bələdiyyələrin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının və digər qurumların nümayəndələri iştirak etmişlər.