MİLLİ MƏCLİS 2007-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLAMIŞDIR
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən illər ərzində ölkə həyatının bütün sahələrində ciddi uğurlar qazanılmış, ölkəmiz qüdrətli dövlətə çevrilmişdir. Bu nailiyyətlər 2007-ci ilin dövlət büdcəsinin daha sanballı tərtib olunmasına imkan yaratmışdır. İlin əsas maliyyə sənədi möhkəm iqtisadi təməllərə əsaslanır. Tam əminliklə söyləmək olar ki, gələn il ölkə iqtisadiyyatının inkişafında yeni mərhələ açılacaqdır. Ümumi daxili məhsulun 2006-cı illə müqayisədə 26 faizdən çox artacağı və onun adambaşına düşən həcminin 2,6 min manata çatacağı gözlənilir. Dövlət büdcəsinin gəlirləri 5 milyard 336 milyon manatı, büdcə xərcləri isə təxminən 5 milyard 710 milyon manat səviyyəsinə çatacaqdır. Dövlət büdcəsinin gəlirləri bu ilin təsdiq olunmuş büdcəsindən təxminən 38 faizdən çox, xərcləri isə 42 faizdən çox olacaqdır. Bu yüksəliş ölkə iqtisadiyyatında inkişaf dinamikasının getdikcə artdığını sübut edir. Büdcənin artımı bir sıra sosial-iqtisadi problemləri həll etməyə, əhalinin rifah halını yaxşılaşdırmağa imkan verəcəkdir. 2007-ci ilin dövlət büdcəsi iqtisadiyyatın bütün sahələrdə yüksəlişin davam etməsinə şərait yaradacaqdır. Bu isə, Azərbaycanın bölgədə və dünyada mövqelərini daha da möhkəmləndirəcək və beynəlxalq nüfuzunu artıracaqdır. Silahlı qüvvələrimizin döyüş hazırlığının, kadr potensialının, maddi texniki bazasının qabaqcıl dünya ölkələri səviyyəsinə qaldırılması üçün görülən tədbirlər davam etdiriləcəkdir.
Milli Məclisin sədri onu da bildirmişdir ki, 2007-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər daimi komissiyaların iclaslarında geniş müzakirə edilmişdir. Büdcə layihəsinin keyfiyyətlə hazırlanması, şəffaflığı və vaxtında təqdim olunması müsbət hal kimi qiymətləndirilmişdir. Büdcə zərfi Milli Məclisdə geniş və hərtərəfli müzakirə olunacaq və qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq ediləcəkdir.
İclasın gündəliyi təsdiqləndikdən sonra maliyyə naziri Samir Şərifov ilin əsas maliyyə sənədi barədə ətraflı məlumat vermişdir. Nazir demişdir ki, 2007-ci ilin dövlət və icmal büdcələri ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf perspektivlərinə və konsepsiyasına uyğun olaraq, son illər əldə edilmiş iqtisadi nailiyyətlərə söykənən, xalqının rifah halının yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin gücləndirilməsi, bir sözlə Prezident İlham Əliyevin ölkəmizin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən siyasi və iqtisadi kursunun həyata keçirilməsinin təmin olunması əsasında hazırlanmışdır.
İlin əsas maliyyə sənədi hazırlanarkən ölkənin mövcud sosial-iqtisadi durumu təhlil edilmiş, əsas maliyyə resurslarının mənbələri və həcmləri müəyyənləşdirilmişdir. Qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsində, eləcə də iqtisadiyyatın idarə olunmasında mühüm əhəmiyyət kəsb edən 13 qanunvericilik aktına, o cümlədən Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir.
Azərbaycan Prezidentinin son üç ildə həyata keçirdiyi iqtisadi inkişafın sürətləndirilməsi strategiyası ölkə iqtisadiyyatının yüksələn xətlə artımını təmin etmişdir. Belə ki, son üç ildə ümumi daxili məhsul 2,5 dəfə, dövlət büdcəsinin xərcləri 3,3 dəfə artmış, ölkədə 500 min yeni iş yerləri açılmışdır. Yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizə enmiş, əhalinin pul gəlirləri 2 dəfə, adambaşına düşən ÜDM 2,5 dəfə artmışdır.
Maliyyə naziri bildirmişdir ki, 2006-cı ilin 9 ayında ÜDM-in həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz, əhalinin pul gəlirləri 19,8 faiz, orta aylıq əmək haqqı 19,9 faiz, əhalinin banklardakı əmanətləri 47,9 faiz artmışdır. Əhalinin gəlirlərinin artımı 20,6 faiz səviyyəsinə çataraq müşahidə edilən inflyasiyanın səviyyəsini xeyli üstələmişdir.
Cari ildə ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının təntənəsini əks etdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istismara verilməsi, Cənubi Qafqaz qaz kəmərinin inşasının tamamlanma mərhələsinə çatdırılması uzun illər ərzində ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunmasına xidmət etməklə, həyata keçirilən sosial-iqtisadi kursun güclü maliyyə təminatına çevrilmişdir.
Cari ilin sonuna ÜDM-in həcminin 18,1 milyon manata çatacağı gözlənilir ki, bu da 2005-ci ildə əldə olunmuş dünyada ən yüksək 26,4 faizlik rekord artım sürətindən 5,6 faiz çox və yaxud da 32 faiz artım deməkdir.
İlin sonuna dövlət büdcəsinin gəlirlərinin tam, xərclərinin 97-98 faiz ətrafında icra olunacağı gözlənilir.
2006-cı illə müqayisədə 2007-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqnozunda ümumi daxili məhsul 22,2 milyard manat və ya real artım 26,3 faiz çox, adambaşına düşən ÜDM-in həcmi 2,6 min manat və ya 21,3 faiz çox, bir barrel neftin orta illik ixrac qiymətinin 50 ABŞ dolları olacağı proqnozlaşdırılır. 2007-ci ildə neft sektorunda 45 faiz artım gözlənilir. Qeyri-neft sektorunun növbəti ildə artımı 9 faiz proqnozlaşdırılır. 2007-ci il dövlət və icmal büdcələri göstəricilərinin formalaşmasında neft sektorundan əldə edilən gəlirlərin rolu ənənəvi surətdə yüksək olacaqdır. Gələn il ÜDM-də neft sektorunun artım tempinin qeyri-neft bölməsinin artım tempindən 5 dəfə yüksək proqnozlaşdırılmasına baxmayaraq, büdcə daxilolmalarında bu fərq 1,5 dəfə təşkil edir.
Növbəti ildə ölkə iqtisadiyyatı qarşısında duran vəzifələrlə yanaşı, dövlət və icmal büdcələrinin gəlir və xərclərinin formalaşması zamanı inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması məsələsinə xüsusi diqqət yetirilmişdir. Təqdim olunan layihədə 2007-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 24 faizi həcmində və ya 2006-cı ilin proqnozuna nisbətən 1,9 faiz artımla, xərcləri isə ÜDM-in 25,7 faizi və ya 2006-cı ilin proqnozundan 2,5 dəfə çox nəzərdə tutulmuşdur. Mütləq ifadədə dövlət büdcəsinin gəlirləri 5 milyard 336 milyon manat, xərcləri isə 5 milyard 715 milyon manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin tərtibi zamanı dövlət investisiya xərcləri 47,8 faiz, səhiyyə xərcləri 47,5 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 58,8 faiz, təhsil xərcləri 47,2 faiz, sosial müdafiə xərcləri 37,7 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 27,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 53,8 faiz artımla proqnozlaşdırılmışdır.
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 379,0 milyon manat və ya ÜDM-in 1,7 faizi həcmində vəsait nəzərdə tutulmuşdur.
2007-ci il icmal büdcəsinin gəlirləri 7 milyard 402 milyon manat olmaqla 2006-cı ilə nisbətən 52,7 faiz, xərcləri 7 milyard 196,0 milyon manat olmaqla 38,3 faiz çox nəzərdə tutulmuşdur. İcmal büdcəsinin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 161,8 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2006-cı ilə nisbətən 54, 3 faiz çoxdur. Xərclərin 89,2 faizi dövlət büdcəsindən ayrılan dotasiya hesabına təmin ediləcəkdir.
İcmal büdcəsi 207,0 milyon manat profisitlə proqnozlaşdırılsa da, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 1 milyard 349 milyon manat və ya nəzərdə tutulan ÜDM-in 6,1 faizi həcmində olacaqdır.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 920,2 milyon manat və ya 2006-cı ilə nisbətən 56,1 faiz çox proqnozlaşdırılır. Fondun xərclərinin 56,5 faizi və ya 520,2 milyon manatı dövlət büdcəsi hesabına, 400,0 milyon manatı və ya 43,5 faizi isə fondun öz gəlirləri hesabına ödəniləcəkdir.
Sonra iqtisadi inkişaf naziri Heydər Babayev çıxış edərək ölkənin iqtisadi inkişaf parametrləri barədə məlumat vermişdir. O bildirmişdir ki, bu gün Azərbaycanın inkişaf templərinə və investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında lider, kredit reytinqinə görə qonşu Türkiyədən iki pillə irəlidə olması, cari ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşaasının başa çatdırılması, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Şərq-Qərb, Şimal- Cənub istiqamətlərində tranzit dəhlizlərinin inkişaf etdirilməsi ilə respublikamız region əhəmiyyətli mərkəzə çevrilmişdir. İndi başlıca vəzifə artan maliyyə imkanlarından uzun müddətə maksimum səmərəli istifadə etməkdir. Məlum olduğu kimi, ölkəmizin Prezidentinin sosial-iqtisadi inkişaf strategiyasının əsas müddəası 5 il ərzində 600 min yeni iş yerlərinin yaradılmasından ibarətdir. Bununla əlaqədar olaraq qeyri-neft sektorunda məşğulluğun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər öz bəhrəsini verir, hər il yeni-yeni müəssisələr fəaliyyətə başlayır.
Görülmüş tədbirlər nəticəsində son üç ildə 500 minə yaxın yeni iş yeri yaradılmışdır ki, onların da 240 mini daimidir. Cari ildə beynəlxalq maliyyə qurumları və iqtisadi təşkilatlarla əməkdaşlıq daha da genişləndirilmiş, Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar davam etdirilmişdir.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2007-2010-cu illər üçün Sosial-İnkişaf Konsepsiyası, Dövlət İnvestisiya Proqramı hazırlanmışdır. Proqnozlar hazırlanarkən əvvəlki illərdə uğurla həyata keçirilmiş iqtisadi siyasət nəticəsində ÜDM-in artım tempi, neft strategiyasının reallaşdırılması nəticəsində ölkəyə valyuta axınının və tədiyyə balansının cari hesabının profisitinin kəskin artımı, inflyasiya təzyiqinin və manatın bahalaşması meyillərinin güclənməsi faktları nəzərə alınmışdır.
Sonra nazir iqtisadi inkişafa mane olan problemlərdən və onların həlli yollarından danışmışdır.
Vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin əsas gəlirlərinin ödəyicisi olan nazirliyin fəaliyyəti və proqnozlar barəsində məlumat vermişdir. O demişdir ki, 2007-ci ilin dövlət büdcəsinə daxilolmaların 70 faizdən çoxu Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Gələn ilin büdcə daxilolmaları ilə bağlı proqnozların yerinə yetirilməsi və vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı Vergi Məcəlləsinə 80-dən çox əlavə və dəyişikliklər ediləcəkdir. Bu dəyişikliklər vergi siyasətinin və vergi nəzarətinin təkmilləşdirilməsinə, vergi inzibatçılığında hesablamaların sadələşdirilməsinə xidmət edəcəkdir. Bir neçə əlavə və dəyişiklik isə redaktə xarakterlidir. Təklif olunan dəyişikliklər həm də vergidən yayınmanın qarşısını alacaq, hüquqi və fiziki şəxslərin vergi yükünü azaldacaqdır. Əsas dəyişikliklərdən biri şərti maliyyə vahidi ilə bağlıdır. Belə ki, gələn ildən şərti maliyyə vahidindən imtina edilərək bütün cərimələr, hesablaşmalar və digər əməliyyatlar manatla dəqiq ifadə olunaraq həyata keçiriləcəkdir.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov gələn ilin əsas maliyyə sənədi ilə bağlı proqnozlara dair məlumat vermiş, növbəti ildə inflyasiyanın birrəqəmli olacağını bildirmişdir. Onun sözlərinə görə, ölkənin dövlət valyuta ehtiyatları 3 milyard ABŞ dollarını üstələmişdir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə çıxışında ölkədə həyata keçirilən iqtisadi inkişafın təmin olunmasında əsas amil olan qanunvericilik bazasının möhkəmləndirildiyini bildirmiş, görüləcək işlərdən danışmışdır.
Natiq Azərbaycana investisiya axınları və bu vəsaitdən istifadə məsələsinə toxunaraq demişdir ki, ölkə iqtisadiyyatında çoxdan gözlənilən keyfiyyət dəyişikliyi baş vermişdir. İqtisadiyyata qoyulacaq investisiyaların tərkibində dövlətin payı artmağa meyillidir. Belə ki, 2010-cu ildə Azərbaycan iqtisadiyyatına daxili mənbələr hesabına qoyulacaq investisiyanın xüsusi çəkisi 79 faiz təşkil edəcəkdir. Bu il isə həmin rəqəm 52 faiz təşkil edir.
Komissiya sədri diqqətə çatdırmışdır ki, 2007-ci il üçün dövlət büdcəsinin layihəsində qeyri-neft sahəsi ilə əlaqədar xərclərin artması nəzərdə tutulmuşdur. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, əsaslı vəsait qoyuluşunun artması layihəni fərqləndirən cəhətlərdən biridir. Məsələn, 2000-ci ilin büdcə xərclərinin strukturunda əsaslı vəsait qoyuluşu ilə əlaqədar vəsaitlər cəmi 3,5 faiz təşkil etdiyi halda, müzakirəyə çıxarılmış layihədə bu rəqəm 26,2 faizdir.
Ziyad Səmədzadə regionlarda irimiqyaslı layihələrin həyata keçirildiyini xatırlatmış və bu layihələrin infrastrukturun təkmilləşdirilməsinə, nəqliyyat sektorunun inkişafına və s. yönəldiyini vurğulamışdır. Qeyd etmişdir ki, daxili mənbələr hesabına investisiyaların strukturunda aqrar sektorun xüsusi çəkisinin artmasına ehtiyac vardır. Çünki aqrar-sənaye kompleksinin inkişafı aqrar sahəyə əsaslı vəsait qoyuluşunun artırılmasını zəruri edir.
Natiq demişdir ki, Azərbaycanda sənayenin inkişafı ilə əlaqədar konkret tədbirlərin nəzərdə tutulması da büdcə layihəsinin fərqləndirici cəhətlərindəndir. O, əminliklə vurğulamışdır ki, Sənaye-Energetika və Müdafiə Sənayesi nazirliklərinin yaradılması Azərbaycanın sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcəkdir.
Çıxışda inflyasiya məsələsinə də toxunulmuş və qeyd edilmişdir ki, həqiqətən inflyasiya təqibinə məruz qalırıq. Amma hökumətin apardığı siyasət, Milli Bankla birlikdə əlaqələndirmə işinin təşkilinin nəticəsidir ki, bu gün həmin proses tənzimlənir. Xatırladılmışdır ki, neft hasil edən ölkələrin hamısı bu problemlə üzləşir. Başlıca vəzifə ondan ibarətdir ki, biz pul kütləsini idarə edə bilək.
Sözünə davam edən komissiya sədri demişdir ki, 2007-ci ilin büdcəsi, əlbəttə, bütün problemləri həll edə bilməz. Ancaq bir il ərzində görülən işləri bir neçə il ərzində görülən işlərlə müqayisə etdikdə ilkin nəticə ondan ibarətdir ki, bu büdcə Azərbaycanın milli maraqlarına, iqtisadi qüdrətinin yüksəlməsinə, regionların tarazlı inkişafına, yoxsulluğun azaldılmasına, işsizliyin ləğvinə yönəlmişdir.
Hesablama Palatasının sədri Namiq Nəsrullayev çıxışında büdcə layihəsinə münasibət bildirmiş, sənədin üstün cəhətlərini sadalamış, burada mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılmasını arzulamışdır. Təklif etmişdir ki, mərkəzləşdirilmiş və yerli xərclərin necə ayrılması göstərilsin, bəzi xərclərin ünvanlılığı açılsın və s.
Deputatlardan Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Musa Quliyev, Vidadi Məmmədov, Asəf Hacıyev, Sabir Rüstəmxanlı, Mübariz Qurbanlı, Zahid Oruc və başqaları layihə barədə mülahizələrini bildirmişlər. Natiqlər son illər əldə edilmiş iqtisadi nailiyyətlərə söykənən, ölkənin sosial-iqtisadi inkişaf tempinin sürətləndirilməsinə, xalqın rifahının artırılmasına, dövlətin müdafiə qüdrətinin gücləndirilməsinə yönəlmiş büdcə layihəsini ümumilikdə müsbət qiymətləndirmiş, bir sıra çatışmazlıqlarla bağlı irad və təkliflərini söyləmişlər.
Milli Məclisin iclasında Baş nazir Artur Rasizadə, Baş nazirin müavinləri, dövlət komitə, şirkət və agentliklərinin rəhbərləri iştirak edirdilər.
Büdcə layihəsinin müzakirələri Milli Məclisin noyabrın 8-də keçiriləcək iclasında davam etdiriləcəkdir.