MİLLİ MƏCLİS ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Layihə barədə məlumat verən Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirmişdir ki, ölkəmizin maliyyə imkanlarının artması əhalinin sosial müdafiəsinə daha çox diqqət yetirməyə imkan verir. Prezidentin qanunvericilik qaydasında parlamentə göndərdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanun layihəsi də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Dəyişiklikdə ölkəmizdə bəzi bayramlarda istirahət günlərinin sayının artırılması təklif olunur. Belə ki, Əmək Məcəlləsində milli-mənəvi dəyərlərimizlə bağlı olan Novruz bayramı üçün 5, Qurban və Ramazan bayramlarının hər biri üçün 2 istirahət günü nəzərdə tutulur. Həmin bayramların keçiriləcəyi günlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcəkdir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə, növbəti iş günü istirahət günü hesab ediləcəkdir.
Dövlət Müstəqilliyi günü (18 oktyabr), Konstitusiya günü (12 noyabr) və Milli Dirçəliş günü (17 noyabr) bayram günü olsa da, həmin günlər iş günü olacaqdır.
Layihə deputatlar tərəfindən ətraflı müzakirə olunduqdan sonra qəbul edilmişdir.
Sonra Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov gündəlikdəki növbəti məsələ - “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsi barədə məlumat vermişdir. Komissiya sədri layihədəki əsas anlayışlara, qanunun tətbiq dairəsi, teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və digər məsələlərə aydınlıq gətirmişdir. Bildirilmişdir ki, hazırda teatrla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə böyük ehtiyac vardır. Bu baxımdan “Teatr və teatr fəaliyyəti haqqında” qanun tamaşaların hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcək, teatr fəaliyyətinin hüquqi əsaslarını, bu istiqamətdə dövlət siyasətini müəyyən edəcəkdir. Milli Məclisdə layihənin birinci oxunuş müzakirəsindən sonra sənəd üzərində xeyli iş aparılmış, müvafiq düzəlişlər edilmişdir.
Sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, hazırda ölkədə 28 dövlət, 2 bələdiyyə, 6 özəl və 25 xalq teatrı fəaliyyət göstərir. Prezidentin göstərişinə əsasən, teatrların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər aparılır. Artıq 3 teatrın binası əsaslı təmirə dayandırılmışdır və həmin kollektivlər başqa binalarda fəaliyyətlərini davam etdirirlər.
Qanun layihəsinda teatrların işçilərinin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da həmin kollektivlərin gəlirlərini öz teatrlarının maddi-texniki bazasının gücləndirilməsinə sərf etmələrinə şərait yaradacaqdır.
Qanun layihəsi maddə-maddə müzakirə olunaraq ikinci oxunuşda qəbul edilmişdir.