MİLLİ MƏCLİS SƏDRİNİN MÜAVİNİ HƏRBİ ATTAŞE İLƏ GÖRÜŞMÜŞDÜR
Milli Məclisin sədr müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov fevralın 27-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Kristofor Nanla görüşmüşdür.
Qonağı salamlayan Ziyafət Əsgərov Milli Məclis və rəhbərlik etdiyi komissiyanın işi haqqında məlumat vermişdir. Demişdir ki, 2000-ci ildə yaradılmış komissiyanın əsas məqsədi Azərbaycanın müdafiə məsələləri və təhlükəsizliyi ilə bağlı qanunvericilik bazasının yaradılmasına kömək etməkdir. Milli Məclis parlamentlərarası əlaqələrin inkişafına da xüsusi diqqət yetirir. Bu gün Azərbaycanla Böyük Britaniya arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın Müdafiə Nazirliyi NATO-nun, Milli Məclisin deputatları isə NATO Parlament Assambleyasının tədbirlərində fəal iştirak edirlər. 2002-ci il sentyabrın 18-də Azərbaycan assambleyaya assosiativ üzv qəbul olunarkən Böyük Britaniya parlamentarilərinin dəstəyi Milli Məclis üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Vaxt ayırıb onunla görüşdüyü üçün Z.Əsgərova təşəkkürünü bildirən Kristofor Nan demişdir ki, o, attaşe olmaqla yanaşı, NATO ilə də sıx əməkdaşlıq edir, ona görə də Azərbaycanda az olur. Buna baxmayaraq, o, NATO ilə əlaqələrini daha da inkişaf etdirməkdə Azərbaycana hər cür kömək göstərməyə hazırdır. Səfirliyin hərbi attaşesi kimi, komissiya və Müdafiə Nazirliyi ilə əlaqələrin inkişafına çalışır. Bugünku görüşün də əsas məqsədi gələcək əməkdaşlığın istiqamətlərini müzakirə etmək və bu ilin iyulunda Londonda hərbi məsələlərlə bağlı keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.