MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Polşa Senatinin sədri və nümayəndə heyətinin üzvləri əvvəlcə Milli Məclisin iclas salonu ilə tanış oldular.
Milli Məclisin sədri Oqtay Əsədovla Polşa Senatının sədri Boqdan Boruseviç arasında təkbətək görüş oldu. Sonra görüş geniş tərkibdə davam etdirildi. Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq əlaqələrinin qədim tarixindən danışdı. Həmçinin bildirdi ki, XIX–XX əsrlərdə polyak arxitektorlar Bakıda gözəl binalar inşa ediblər. Neft sənayesinin inkişafında da polşalı mütəxəssislər yaxından iştirak etmişlər. İndi isə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının səfərləri zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər ikitərəfli münasibətlərin genişlənməsi üçün hüquqi baza yaratmışdır. Bunun nəticəsidir ki, siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrimiz günbəgün genişlənir. Parlamentlərarası əlaqələr də möhkəmlənir. Milli Məclisdə Polşa parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir.
Daha sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan problemin sülh yolu ilə həllinə tərəfdardır. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli və işğal etdiyi əraziləri boşaltmalıdır. Əgər sülh danışıqları bir nəticə verməsə, biz öz torpaqlarımızı başqa vasitələrlə azad edəcəyik.
Polşa Senatının sədri Boqdan Boruseviç onlara göstərilən qonaqpərvərliyə, səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirdi. O dedi ki, rəsmi Varşava Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Polşada da Azərbaycanı yaxşı tanıyırlar. Nümayəndə heyətimizin tərkibində deputatlarla yanaşı, iqtisadi qurumların nümayəndələri və iş adamları da gəliblər. Onlar da öz azərbaycanlı həmkarları ilə görüşüb əlaqələrin inkişafına dair danışıqlar aparacaqlar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi oldu.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavini Bahar Muradova görüşdə iştirak edirdilər.