MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
İyulun 29-da “Azərbaycan-Almaniya” parlamentlərarası dostluq qrpunun rəhbəri, Milli Məclisin deputatı Cəlal Əliyev AFR Bundestaqının deputatı, Bundestaqın Avropa Şurasının Parlament Assambleyasındakı və Avropa Birliyindəki nümayəndəsi Volfqanq Berendlə görüşmüşdür.
Cəlal Əliyev qonağı səmimiyyətlə salamlayaraq, ölkəmizdə aparılan islahatlah haqqında ətraflı məlumat verdi. Azərbaycan müstəqillik qazandıqdan sonra Almaniya ilə münasibətlər dinamik inkişaf etməyə başladığını vurğulayan Cəlal Əliyev xatırlatdı ki, hələ XIX əsrdə ölkəmizin qərb bölgələrində almanlar məskən salmış və əsasən üzümçülüklə məşğul olmuşlar. Alman xalqının nümayəndələri Azərbaycanda elmin inkişafına da öz töhfələrini vermişlər. Tanınmış alim Aleksandr Qrossheym ötən əsrin 30-cu illərində ölkəmizdə botanika sahəsində elmi tədqiqatlarla məşğul olmuşdur. Azərbaycan MEA-nın Botanika İnstitutunun yaradılması məhz onun xidmətidir. O, uzun müddət bu institutun direktoru olmuş, eyni zamanda, bütün Qafqazın florasını öyrənmiş və bu sahəyə aid ensiklopediya yaratmışdır.
Cəlal Əliyev parlamentin, o cümlədən təbii ehtiyyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının qanun yaradıcılığı sahəsindəki işindən də danışaraq, çayların və sututarların ermənilər tərəfindən çirkləndirilməsi barədə qonağa məlumat verdi. O, ekologiyaya və genetikaya dövlət qayğısından söz açaraq dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə Prezidentin yanında genetik ehtiyatlar komissiyası yaradılmışdır.
Volfqanq Berend müfəssəl məlumata görə təşəkkürünü bildirərək, Bundestaqın ekologiya sahəsində qanun yaradıcılığı fəaliyyətindən danışdı. O bildirdi ki, özü bir neçə il ərzində Almalniya Ekologiya Nazirliyinin əməkdaşı və Avropa Şurasının Ekologiya Komitəsinin üzvü olmuşdur. Ona görə də bu problemləri yaxşı başa düşür. Qonaq neft sənayesi tullantılarından səmərəli istifadə olunmasının, bu tullantıların təkrar emalını təşkil etməyin mümkünlüyündən də danışdı.