MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin sədr müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov fevralın 27-də İİR İslam Şurası Məclisinin deputatı, təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Kazim Cəlali ilə görüşmüşdür.
Qonağı səmimi salamlayan Ziyafət Əsgərov Milli Məclisin və rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Milli Məclisdə fəaliyyət göstərən İran parlamenti ilə dostluq qrupu daim iranlı həmkarları ilə görüşlər keçirir. İranın blokada şəraitində yaşayan Naxçıvanı qaz və elektrik enerjisi ilə təmin etməsinin, qaçqın və məcburi köçkünlərə daim yardım göstərməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Azərbaycanın dost İranla əlaqələrin inkişafında maraqlı olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin İrana, eləcə də İran prezidentinin Azərbaycana səfərləri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ açmışdır və bu əlaqələr inkişaf etməkdədir.
İran İslam Şurası Məclisinin sədri Mehdi Kərrubinin yaxın günlərdə Azərbaycana gözlənilən səfərinin parlamentlərarası əlaqələrin inkişafında xüsusi rol oynayacağını vurğulayan Z.Əsgərov demişdir ki, hər iki ölkənin parlamentariləri beynəlxalq aləmdə də səmərəli əməkdaşlıq edirlər. İslam Konfransı Təşkilatında Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması və Ermənistanın təcavüzkar ölkə kimi elan edilməsində İranın böyük rolu olmuşdur.
Səmimi görüş üçün təşəkkürünü bildirən Kazim Cəlali İslam Şurası Məclisi və üzv olduğu komissiya barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, məclisin təhlükəsizlik və xarici siyasət komissiyası İranın xarici siyasəti ilə yanaşı, daxili işlər, milli təhlükəsizlik, silahlı qüvvələr, sərhəd qoşunları və digər qurumların işinə nəzarət edir. İran Azərbaycanın tərəqqisində maraqlıdır və bunun üçün də hər cür kömək göstərməyə hazırdır. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynamışdır və İran prezidentinin Azərbaycana gözlənilən səfəri iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.