MİLLİ MƏCLİSDƏ GUAM ÖLKƏLƏRİ BANKLAR ASSOSİASİYALARININ TƏMSİLÇİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 29-da Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında GUAM ölkələri banklar assosiasiyalarının nümayəndələri ilə görüş olmuşdur.
Komissiyanın sədri akademik Ziyad Səmədzadə komissiyanın və Azərbaycan Banklar Assosiasiyasının üzvlərini təqdim etdikdən sonra bildirmişdir ki, bu günlər Azərbaycan xalqı Respublika gününü böyük təntənə ilə bayram edir. Bu, təsadüfi deyildir. Çünki istiqlaliyyət qazanılması hər bir xalq üçün böyük nailiyyətdir.
Ziyad Səmədzadə vurğulamışdır ki, bank sistemi olmadan ölkə iqtisadiyyatının inkişafından danışmağa dəyməz. GUAM ölkələri banklarının qeyri-hökumət səviyyəsində - assosiasiyalar formasında əlaqələr yaradıb əməkdaşlıq etməsi böyük əhəmiyyətə malikdir. Gürcüstanın, Ukrayna və Moldovanın bank sistemlərinin, ümumiyyətlə iqtisadiyyatlarının inkişafı, bu ölkələrdə inteqrasiya prosesinin uğurları bizi sevindirir. GUAM ölkələri bank qurumlarının assosiasiyasını yaratmaq barədə təşəbbüsünüzü alqışlayırıq. Düzdür, Azərbaycan-Gürcüstan, Azərbaycan-Ukrayna, Azərbaycan-Moldova artıq strateji tərəfdaşlardır. Ancaq əməkdaşlığın möhkəmləndirilməsinə, inteqrasiya prosesinin dərinləşməsinə kömək edən qurumların yaradılması alqışlanmalıdır. Təkrar edirəm, biz strateji tərəfdaşlarıq. Təsadüfi deyildir ki, Azərbaycanda reallaşdırılan transmilli layihələr sizin ölkələrinizi də əhatə edir. Dövlətlərimizin başçıları dostluq münasibətlərinin, inteqrasiya proseslərinin möhkəmləndirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Bəzi qüvvələrin təzyiqinə baxmayaraq, GUAM-ın, regional qurum kimi, yaxşı perspektivi vardır. Bu qurum vasitəsilə həmin ölkələrin xalqları üçün sərfəli olan hələ çox layihələr həyata keçiriləcəkdir.
Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova bank assosiasiyalarının prezidentləri Eldar İsmayılov, Zurab Qvasaliya, Aleksandr Suqonyako, Dumitru Ursu GUAM ölkləri arasında mövcud siyasi, iqtisadi əlaqələrin yüksələn xətlə inkişafından məmnunluqlarını ifadə etmiş, rəhbərlik etdikləri qurumların bu prosesə töhfəsinin daha sanballı olması üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.