SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
İyulun 8-də Milli Məclisin sədri Murtuz Ələsgərov Norveç Krallığının Azərbaycandakı səfiri Steynar Gili qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq vurğuladı ki, Azərbaycan rəhbərliyi dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Norveçlə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. O, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən danışaraq dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Norveçə rəsmi səfəri bu münasibətlərin inkişafında böyük rol oynamışdır. İqtisadi əlaqələr sürətlə inkişaf edir. Ölkəmizin iqtisadiyyatına sərmayə qoyan məşhur “Statoyl” neft şirkəti hazırda Azərbaycanda uğurla fəaliyyət göstərir.
Sonra parlamentin sədri ölkədəki iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində dövlətimizin başçısı Heydər Əliyevin əvəzsiz rolundan danışdı.
Murtuz Ələsgərov parlamentlərarası əlaqələrdən söz açaraq dedi ki, Milli Məclisdə parlamentlərarası dostluq qrupu yaradılmışdır və uğurla fəaliyyət göstərir. O, səfirə ölkəmizdə aparılan islahatlar və avqustun 24-də keçiriləcək referendum haqqında da məlumat verdi.
Milli Məclisin sədri ölkəmiz üçün başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, həmin məsələnin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Norveç hökumətinə minnətdarlığını bildirdi.
Səfir səmimi qəbula görə təşəkkür edərək dedi ki, ölkəmizə xüsusi hörmətlə yanaşır və xalqlarımız arasında oxşar cəhətlər çoxdur. O, həmçinin bildirdi ki, “Statoyl” Azərbaycanda təkcə neft sahəsində deyil, humanitar, mədəniyyət sahələrində və başqa sahələrdə də fəaliyyət göstərir.