MİLLİ MƏCLİSDƏ QƏBUL
İyulun 16-da Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə xarici işlər nazirinin müavini xanım Marqarita Boniver başda olmaqla İtaliya nümayəndə heyətinin üzvlərini qəbul etmişdir.
Arif Rəhimzadə qonaqları səmimiyyətlə salamlayaraq, onların bu səfərinin İtaliya və Azərbaycan xalqlarının yaxınlaşmasına kömək etdiyini vurğuladı.
Marqarita Boniver səmimi qəbula görə təşəkkür edərək dedi ki, Azərbaycanda keçirdiyi görüşlər onda ən xoş təəssüratlar doğurmuşdur. O, respublikamızda əldə edilmiş ictimai-siyasi sabitliyi yüksək qiymətləndirərək bildirdi ki, ölkənin sabit şəraitdə inkişafı xarici kapital qoyuluşunun artmasına zəmin yaradır. Marqarita Boniver Azərbaycanda qarşıdakı referendum barəsində parlament üzvlərinin fikri ilə də maraqlandı. O, xüsusi vurğuladı ki, İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və ölkələrimiz arasında heç bir problem yoxdur.
Qonağın bu fikri ilə razılaşan Arif Rəhimzadə ümidvar olduğunu bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfərindən sonra intensiv xarakter almış qarşılıqlı əlaqələr daha yüksək səviyyəyə qalxacaqdır.
Parlament sədrinin birinci müavini ölkədə həyata keçirilən islahatlar və qarşıdakı referendum barədə danışdı. O, Avropa Şurasına daxil olarkən Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsinə toxunaraq, konstitusion islahatların zəruriliyini konkret faktlarla əsaslandırdı.
Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta iştirak edirdi.
X X X
Həmin gün Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburq baş nazirinin müavini və xarici işlər naziri xanım Lidi Polferi qəbul etmişdir.
Qonağı mehribanlıqla salamlayan Gövhər Baxşəliyeva bu yaxınlarda Avropa Şurası Nazirlər Komitəsinin sədri seçilməsi münasibətilə onu təbrik etdi.
Milli Məclis sədrinin müavini Avropa Şurasına daxil olarkən Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişi barədə ətraflı məlumat verərək dedi ki, AŞ ekspertlərinin köməyi ilə parlamentin komissiyalarında və şöbələrində mühüm qanunvericilik aktları işlənib hazırlanmış və onların çoxu artıq qüvvəyə minmişdir. Milli Məclisin bu yaxınlarda öz işini başa çatdırmış növbəti sessiyasında Teleradio yayımı haqqında qanun üçüncü oxunuşda, İctimai televiziya haqqında qanun isə birinci oxunuşda qəbul edilmişdir.
Lidi Polfer səmimi qəbula görə təşəkkürünü bildirərək, Avropa Şurası qarşısındakı öhdəliklərin yerinə yetirilməsində Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirdi. O, Azərbaycanın 31 beynəlxalq konvensiyaya və onlara aid protokollara qoşulması barədə Gövhər Baxşəliyevanın məlumatından məmnun olduğunu bildirdi.
Lidi Polfer sosial sahədə aparılan islahatlarla, səhiyyə sistemindəki vəziyyətlə də maraqlandı.
O söhbət zamanı Azərbaycanın Avropa Şurası ilə münasibətləri barədə bir sıra məsələlər də müzakirə olundu.