MİLLİ MƏCLİSDƏ QƏBUL
İyulun 19-da Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə Avropa Şurası Parlament Assambleyası Monitorinq komitəsinin Azərbaycan üzrə məruzəçiləri Andreas Qrossu və Martines Kassanı qəbul etmişdir.
Parlament sədrinin birinci müavini qonaqları səmimiyyətlə salamladı.
Martines Kassan Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşü barədə məlumat verdi. Həmin görüşdə Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər ətrafında fikir mübadiləsi aparılmışdır. Martines Kassan bildirdi ki, Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dəyişikliklər baş vermişdir və onlar bunu öz hesabatlarında qeyd etmək niyyətindədirlər. O, qarşıdakı referendumla və Nardaranda baş vermiş hadisələrlə də maraqlandı.
Arif Rəhimzadə Avropa Şurasına daxil olarkən Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsindən danışaraq vurğuladı ki, bunların əsas hissəsi artıq yerinə yetirilmişdir. Bu müddət ərzində ölkə parlamenti 20-yə yaxın beynəlxalq konvensiyaya qoşulmuş və onlara aid protokolları ratifikasiya etmişdir. İnsan hüquqları haqqında qanun qəbul edilmiş, bu yaxınlarda isə ölkənin birinci ilk ombudsmanı təsdiq olunmuşdur. Qanunun tələblərinə uyğun olaraq, ombudsman təsisatının strukturunun formalaşdırılması tədbirləri davam etdirilir. Milli Məclis yaz sessiyasının sonunda Nazirlər Kabinetinə etimad göstərməsi üzrə və insan hüquqlarının nizama salınması ilə əlaqədar hüquqi baza da yaratmışdır.
Azərbaycan rəhbərliyinin yeritdiyi siyasi xətt çərçivəsində Avropa Şurası qarşısındakı öhdəliklərdə əksini tapmamış məsələlərə də böyük diqqət yetirilir. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv olunması barədə qərar qəbul edilmişdir.
Arif Rəhimzadə Konstitusiyada dəyişikliklərlə əlaqədar referendum keçirilməsi məsələsinə toxunaraq dedi ki, bütün siyasi partiyalar bu fikirdədir ki, qarşıdakı ümumxalq səsverməsi Konstitusiyaya və Azərbaycanın qanunvericiliyinə uyğundur. Müxalifətdə olan bəzi qüvvələr bununla əlaqədar öz etirazlarını bildirsələr də, onlar başa düşməlidirlər ki, ölkə qanunvericiliyi çərçivəsində hərəkət etməlidirlər.
Parlament sədrinin birinci müavini bildirdi ki, Nardaranda görülmüş tədbirlər demokratiya və dövlətçilik prinsiplərinin qorunması baxımından qanunauyğundur.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi də aparıldı.