SİYASƏT
Milli Məclisdə “Şəhərlərin formalaşmasında hüquq bir alət kimi” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” Proqramının təşkilatçılığı ilə “Şəhərlərin formalaşmasında hüquq bir alət kimi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da bu il yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin icrası ilə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbiri açan Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirmişdir ki, son 10 ildə ölkəmizdə sürətli hüquqi islahatlar həyata keçirilmiş, müxtəlif sahələri əhatə edən yeni qanunlar hazırlanaraq qəbul olunmuşdur. Həmin sənədlərdən biri isə bu il yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsidir. Qeyd olunmuşdur ki, Məcəllənin hazırlanması prosesinə xarici mütəxəssislər cəlb edilmiş və ayrı-ayrı ölkələrin bu sahədəki təcrübəsi öyrənilmişdir. İndi isə Məcəllənin icrası sahəsində müəyyən proseslərin tənzimlənməsi üçün xarici mütəxəssislərlə birgə geniş araşdırmalar aparılır. O, məcəllənin icrasında, xüsusilə də ərazi planlaşdırmasında ictimaiyyətin marağının nəzərə alınmasının vacibliyini qeyd etmişdir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” Proqramının Azərbaycan üzrə layihə rəhbəri Tomas Melser Şəhərsalma və Tikinti Məcəlləsinin modern qanunlardan biri olduğunu deyərək sənədin icrası üçün vacib məsələlərdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, məcəllənin yerlərdə də təqdimatı keçiriləcəkdir.
Sonra Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun “Azərbaycanda yeni Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi ilə hansı məqsədlər güdülür?”, Almaniyanın Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri Folker Ellenberqerin “Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması prosesinə Almaniyada hüququn tətbiqinə dair təsir göstərən təcrübələr”, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Şəhərsalma və tikinti Məcəlləsinin ərazi planlaşdırılması hissəsinin icrası ilə bağlı mövcud vəziyyət və bu zaman meydana çıxan problemlər”, Almaniyanın Mərkəzi Yuxarı Reyn Regional Birliyinin icraçı direktoru Qerd Haqer “Tikinti Planlaşdırılması hüququnun həyata keçirilməsi üçün zəruri olan struktur, kadr və peşəkar şərtlər”, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzarət müfəttişliyinin nəzarət sektorunun müdiri Kərim Ağayev “Almaniyaya tikinti hüququna dair həyata keçirilmiş səfər barəsində məlumat - Almaniyadan Azərbaycana ötürülə biləcək təcrübə” mövzusunda məruzələri dinlənilmişdir.
Tədbirdə aparılmış müzakirələrdə Şəhərsalma və Tikinti Məcəlləsinin sadə qaydalara əsaslandığı, Azərbaycanın mövcud şəraitinə uyğun olduğu qeyd edilmişdir.