Milli Məclisdə Türkiyə ilə Azərbaycan arasında hüquq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Türkiyə Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü Kürşat Karacabəyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, parlamentin fəaliyyəti və Azərbaycanın hüquq sistemi haqqında qonaqlara məlumat verən Z.Əsgərov bildirmişdir ki, Türkiyə və Azərbaycan dost, qardaş dövlətlərdir. Ölkələrimizin siyasət, elm, biznes nümayəndələrinin tez-tez qarşılıqlı səfərləri həyata keçirilir. Ona görə də Azərbaycanda Türkiyənin, Türkiyədə isə Azərbaycanın hüquq sistemi öyrənilməlidir ki, vətəndaşlar problemlərlə üzləşməsinlər.
Z.Əsgərov demişdir ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul edilmişdir. O əlavə etmişdir dövlət idarəçiliyinin hüquqi tənzimlənməsinin əsasını qoymuş bu Konstitusiyada insan hüquq və azadlıqlarının qorunması da geniş şəkildə təsbit olunmuşdur.
Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verən Milli Məclis sədrinin birinci müavini bildirmişdir ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa zidd olsa da bu siyasətdən əl çəkməsi üçün rəsmi Yerevana qarşı konkret addımlar atılmır. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu sənədlərin şərtlərini yerinə yetirmir.
Kürşat Karacabəy demişdir ki, Türkiyə və Azərbaycan bütün sahələrdə uğurla əməkdaşlıq edirlər. Hüquq sahəsindəki əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan K.Karacabəy bunun üçün elmi simpoziumların və konfransların keçirilməsinin önəmli olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.