Milli Məclisə seçkilərlə bağlı treninqlər davam edir
Bakı, 29 yanvar, AZƏRTAC
Fevralın 9-na təyin olunmuş Milli Məclisə seçkilərlə əlaqədar növbəti maarifləndirici treninq 16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasında təşkil olunub.
AZƏRTAC xəbər verir ki, plana uyğun olaraq, treninqdə məntəqə seçki komissiyasının sədrləri və üzvləri iştirak ediblər. Bundan başqa, yaradılan müvəqqəti məntəqələrin, eləcə də seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də treninqlərə cəlb ediliblər.
Mərkəzi Seçki Komissiyasının təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqdə dairə seçki komissiyasının sədri Sədaqət Seyidzadə bildirib ki, 16 saylı Yasamal II seçki dairəsi üzrə 29 açıq, 1 qapalı seçki məntəqəsi var. Bu məntəqələrdə 35 min 547 seçici qeydə alınıb. Onlardan 39-u ilk dəfə səs verəcək. Həmçinin yaşı 100-ü keçmiş iki seçici qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarına uyğun olaraq, seçkilərə hazırlıq tədbirləri həyata keçirilir, məntəqələrdə bütün lazımi şərait yaradılıb, 10 məntəqədə veb-kamera quraşdırılıb.
Qeyd olunub ki, namizədlərin təşviqatı mərhələsində seçicilərlə açıq və qapalı yerlərdə görüş yerləri müəyyənləşdirilib. Həmçinin hər seçki məntəqəsinin önündə namizədlərin təşviqat materiallarının asılması üçün lövhələr quraşdırılıb.
Məlumat verilib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Aşağı seçki komissiyaları üçün dördgünlük treninqdə trenerlər iştirakçıları səsvermə günü görəcəkləri işlər, seçki məntəqələrinin açılışına hazırlıqlar, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlar və slaydlar vasitəsilə izahlı şəkildə məlumatlandırırlar.