MİLLİ MƏCLİSİN BİR QRUP DEPUTATI CƏBHƏ BÖLGƏSİNDƏ ƏSGƏRLƏRİMİZLƏ GÖRÜŞMÜŞDÜR
Deputatlar-Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elmira Axundova, Vahid Əhmədov, Əli Məsimov, Sabir Hacıyev, Əhəd Əhmədov, Lalə Abbasova və başqaları ön xətdə xidmət edən zabitlər və hərbi xidmətə yenicə başlamış əsgərlərlə görüşmüş, onların yaşayış şəraiti, təminatı, problemləri, zabit-əsgər münasibətləri ilə maraqlanmışlar.
Zabit və əsgərlərin nikbinliyi, döyüş ruhunun yüksəkliyi, bir-birinə inamı, deputatların diqqətindən yayınmamış, onlar bunu düşmən üzərində gələcək qələbənin rəhni kimi qiymətləndirmişlər. Səfərin sonunda geniş fikir mübadiləsi aparılmışdır.
Qonaqların müxtəlif ərazilərdə təmas xətti yaxınlığındakı səngərlərdə əsgərlərlə görüşü xüsusilə yaddaqalan olmuşdur.
Zabitlər və əsgərlər Milli Məclis üzvlərinin cəbhə xəttinə gəlişini razılıqla qarşılamış, səfəri əsgərlərin döyüş əhval-ruhiyyəsinin daha da qaldırılması baxımından yüksək qiymətləndirmişlər.
Səfərin təşəbbüsçüsü Elmira Axundova jurnalistlərə müsahibəsində demişdir ki, nazirlik və hərbi hissə komandanlığı tərəfindən bizə marşrut təklif olunmamış, hər şey öz ixtiyarımıza verilmişdir. İnamla demək olar ki, parlamentlə ordu arasında qarşılıqlı əməkdaşlıq daha da inkişaf edir.
İyunun 19-da səfər iştirakçılarının mətbuat konfransı olacaqdır.