Milli Məclisin deputatı Moskva və Sankt-Peterburqda keçiriləcək tədbirlərdə iştirak edəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Noyabrın 1-də Moskvada Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar yubiley tədbiri, noyabrın 2-də isə Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının iclası keçiriləcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Milli Məclisin deputatı Mixail Zabelin iştirak edəcək.
Moskva Pedaqoji Dövlət Universitetinin Kreml Sarayında keçiriləcək yubiley tədbirində Mixail Zabelinin tələbələr qarşısında çıxışı, həmçinin Ali Attestasiya Komissiyasının rəhbəri ilə görüşü nəzərdə tutulur.
MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının Sankt-Peterburqda keçiriləcək iclasında isə “Strateji proqnozlaşdırma və planlaşdırma sənədləri haqqında”, “Dövlət mülki və bələdiyyə qulluğu haqqında” model qanun layihələri, həmçinin MDB iştirakçısı olan ölkələr üçün model Seçki Məcəlləsi layihəsi, MDB ölkələri parlamentlərinin deputatlarının statusu haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələr, dövlət quruculuğu və yerli özünüidarəetmə sahəsində qanunların hazırlanması zamanı istifadə olunan terminlər lüğətinin hazırlanması vəziyyəti və digər mövzular müzakirə ediləcək.