MİLLİ MƏCLİSİN İCLASINDA
Milli Məclisin payız sessiyasının növbəti ümumi iclası səmərəli keçmiş, bir sıra qanun layihələri müzakirə olunaraq qəbul edilmişdir.
Deputatların iş günü insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında və parlamentin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında qəbul olunmuş Konstitusiya qanunlarının təsdiqi ilə başlandı.
Parlament üzvləri “Referendum haqqında” Qanunu Azərbaycan Konstitusiyasına uyğunlaşdırmaq üçün bu qanunvericilik aktına dəyişiklikləri təsdiqlədilər. Onlar “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiqi ilə əlaqədar “Polis haqqında” Qanuna dəyişiklik və əlavələri də müzakirə və qəbul etdilər. Bu qanunvericilik aktına uyğun olaraq, daxili işlər orqanlarının əməkdaşları üçün inzibati cəzalar siyahısına xidmətdən uzaqlaşdırma cəzası da daxil edilmişdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov bildirdi ki, parlamentin bir sıra daimi komissiyaları “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun tətbiqi ilə əlaqədar dəyişiklik və əlavələr hazırlamışlar.
Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli və iqtisadi siyasət daimi komissiyası sədrinin müavini Əli Əlirzayev Əmək Məcəlləsinə və bankların, gömrük orqanlarının fəaliyyətinə aid qanunvericilik aktlarına dəyişiklik və əlavələr üzərində ətraflı dayandılar.
Deputatlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə də dəyişikliklər etdilər.
Fasilədən sonra “Elektron rəqəmli imza haqqında” Qanunun layihəsinə baxıldı. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov bu məsələ barədə məlumat verərək vurğuladı ki, ölkədə həyata keçirilən informasiya-kommunikasiya texnologiyaları strategiyasının güclü hüquqi bazaya ehtiyacı var. Odur ki, hazırlanmasında Azərbaycanın dövlət strukturlarının mütəxəssisləri ilə yanaşı, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri bu sənədin qəbul olunması böyük əhəmiyyətə malikdir. Deputatlar müzakirədən sonra bu qanun layihəsini təsdiq etdilər.