Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının növbəti iclasında “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə məsələ müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, təklif olunan dəyişikliklər kiçik və orta sahibkarlığın sərhədlərinin müəyyənləşməsi ilə bağlıdır. Belə ki, işçilərinin sayı əlli nəfərdən və illik gəliri 1,5 milyard manatdan çox olan müəssisə orta sahibkarlığa aid ediləcəklər. İşçilərinin sayı 50 nəfərdən az və ya bir qədər çox, amma illik gəlirləri 1,5 milyard manatdan az olanlar isə kiçik sahibkarlar qrupuna daxil olunacaqlar. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatlar nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə layihədə isə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməyə çıxarılan müəssisələrin borclarının silinməsindən bəhs edilir. Borcların silinməsi ilə bağlı vaxtın uzadılması təklif olunur.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə layihədə ümumtəhsil, internat məktəblərinin, eləcə də qapalı hərbi şəhərciklərin evlərindəki və xidməti evlərdəki mənzillər istisna olmaqla, digər yataqxanaların özəlləşdirilməsinə qanunla icazə verilməsi təklif olunur. Deputatlar və dəvət olunmuş şəxslər təklif olunan dəyişikliklərə müsbət münasibət bildirmişlər. Layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır. İclasda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə iştirak etmişdir.