İQTİSADİYYAT
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası komitə sədri Sadiq Qurbanov açıb. O bildirib ki, iclasın gündəliyinə “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi daxil edilib. Komitə sədri sənəd barədə ətraflı məlumat verib.
Müzakirələr zamanı komitə üzvləri İltizam Yusifov, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, Əliabbas Salahzadə, Fatma Yıldırım Sazişlə bağlı fikirlərini bildiriblər.
İclasın sonunda sənəd Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Onlayn iclasda deputatlardan Anar Məmmədov, Afət Həsənova və Məşhur Məmmədov da iştirak ediblər.