Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası AMEA-da tibbi aksiya keçirəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 29-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında tibbi aksiya keçirəcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının həkim heyəti saat 9:00-dan 16:00-dək AMEA-nın əməkdaşlarına tibbi xidmət göstərəcək. Humanitar aksiyada məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək və onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasından ibarətdir. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. 2005-ci ildən başlayaraq Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən mərkəzin Səyyar Qatarı da fəaliyyətə başlayıb. Bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir. Bu aksiya da bu tədbirlər çərçivəsində reallaşdırılır.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi, 114 müxbir üzvü var.