MİLLİ QƏHRƏMAN ƏLİYAR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİRİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Milli Qəhrəman, əməkdar məşqçi Əliyar Əliyevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında respublika turnirinin açılış mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Babək Babayev, yunan-Roma güləşi üzrə vitse-prezident və böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Cəfərov, olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, dünya çempionatının bürünc mükafatçıları Rövşən Bayramov və Vitali Rəhimov, eləcə də Milli Qəhrəman Əliyar Əliyevin yaxın qohumları iştirak etmişlər.
Azərbaycan dövlət himninin səslənməsi ilə başlanan mərasimdə çıxış edən AGF yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov güləşçiləri salamlamış və onlara uğurlar arzulamışdır. Bu mötəbər turnirin ölkəmizdə güləş idman növünə gənclərin marağının artırılmasında və gənc güləşçilərin tərcübələrinin artırılmasında əhəmiyyətini qeyd edən Elçin Cəfərov yarışların bundan sonra da davam etdirilməsinin vacibliyini bildirmişdir. Vitse-prezident demişdir ki, dövlətimizin başçısı İlham Əliyevin idmançılara diqqət və qayğısının nəticəsidir ki, bu gün güləşçilərimiz dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pillələrinə qalxa bilirlər. Qazanılan bu nəticələr gənclərimizdə idmana və idmanın güləş növünə marağı gündən-günə artırır. Bu da təbii olaraq Azərbaycan Güləş Federasiyasını və bütün məşqçi heyətini daha artıq həvəslə çalışmağa sövq edir.
######
![]() |
![]() |

